Şəhid polkovnik-leytenant Murad Mirzəyev ən yaxın dostu ilə yan-yana dəfn olunub
"Bazar günü idi, tezdən. Oğlu Nurlan həyətdə oynayırmış uşaqlarla, nənəsi də yanında. Həyətdəki uşaqlardan biri soruşub ki, atan hanı. Bu da qayıdıb ki, atam gedib erməniləri qırmağa. Birinci gün gələcək. Gəldi də…" (Kövrəlir Səlim kişi)
Yeni Yasamalda, Dadaş Bünyadzadə küçəsi 3 ünvanını tapmağa bizə… bayraqlar kömək elədi. Hə, Azərbaycan bayraqları. Yoxuş boyu Azərbaycan bayraqları asılmışdı hər tərəfdə. Sanki nabələd adamlara yol göstərirdi. Sürücümüz də elə bu bayraqları nişan tutub, bizi yas yerinə gətirdi. Şəhid polkovnik-leytenant Murad Mirzəyevin hüzr mərasimi keçirilən yerə. Bu gün eyni zamanda Sabirabadda da onun yas mərasimiydi. Muradın anadan olub böyüdüyü Muğangəncəli kəndində.
...40 il əvvəl bu kənddə göz açıb Murad. Sadə bir kəndli ailəsində. Uşaqlığı da bu kənddə keçib. Sinif yoldaşları deyir ki, məktəbdə başına and içirmişlər. Müəllimləri deyirmiş ki, bu uşaq bizim fəxrimiz olacaq. Zəhmətsevər bir uşaq olub. Dərslərini də əla oxuyurmuş.
Ata-anasına da bircə bunu deyirmiş: "Hərbçi olacam".
 
Valideynlər də Muradın istəyinin əleyhinə getmirlər. 14 yaşında Naxçıvanski adına hərbi məktəbə gətirilər. İmtahanlarını uğurla verib məktəbə daxil olur.
Bundan sonra hərbçi kimi bir ömür yaşayacaqdı Murad. Hərbə, vətənə sevgi onu haralara aparıb çıxarmayacaqdı...
 
Türkiyəyə, Quru Qoşunları Ali Hərbi Məktəbinə. Oradan qayıdıb hərbi xidmətə başlayacaqdı. Amma onun fitri qabiliyyətini görən komandanlıq Muradı bu dəfə İstanbula göndərəcəkdi. Orada da əlavə təhsil alacaqdı. Yenidən Azərbaycana qayıdacaq, xidmətə davam edəcəkdi. Bu dəfə isə onu ABŞ-a, iki illik kursa göndərəcəkdilər. Oradan qayıdandan sonra isə Murad bir dəfə də ölkəni tərk edəcəkdi. Bu dəfə İordaniyaya yollanacaqdı. Ordan isə yenidən Azərbaycana, vətənə xidmətə…
 
Bunları Səlim kişi danışır. Muradın qayınatası. Keçmiş polis işçisi. Biz yas mərasimində olanda Muradın atası orada yox idi. Telman kişini hansısa məsələylə bağlı nazirliyə çağırmışdılar. Qardaşıyla söhbətləşmək istədik. Səlim kişi "toxunmayaq o uşağa, özündə deyil, nə lazımdısa mən danışım" dedi.
 
...Deyir, 10 il olar qohum olmuşuq bu ailəylə.
 
- Qızım Fizzə ixtisasca həkimdir. O vaxt elçi gələndə yoldaşım qızıma deyirdi ki, bax, bala, oğlan hərbçidir. Sənə əziyyət olacaq. Mən özüm də polis işçisi olmuşam. Hərbçi həyatının nə olduğunu bilirəm. Amma qızımla çox sevirdilər bir-birini. Fizzə hər şeyi gözünün qabağına almışdı. Hərbçi həyatının çətinliyini də, müharibəni də. Elə ona görə də, dəfndə müxbirlərə demişdi ki, mənim ərim qəhrəmandır, mən onunla fəxr edirəm… Hə, onu deyirdim axı... Biz də "Allah mübarək eləsin" dedik, evləndilər. On il bundan qabaq toylarını elədik. İki uşaqları oldu. Nurlan, bir də Dəniz...
 
Səlim kişinin dediyinə görə, Murad oğlu Nurlanı hələ uşaqlığından əsil hərbçi kimi böyüdürdü.
 
- İki yaşı olardı ,ya yox, özüylə vertolyota mindirirdi. Böyük adam ilk dəfə minəndə qorxur vertolyotdan. Amma bu uşaqda qorxu hissi yox idi. Necə sevinirdi Murad Nurlanın qorxmamağına. Videoya çəkdirirdi özüylə aparanda. Qayıdanda da ən xırda detalınacan danışırdı Nurlana. Özü də sevinə-sevinə deyirdi ki, mənim balam general olacaq.
 
40 yaşı martın 30-da tamam olub. Amma ağlı kəsəndən ad günü keçirməyib. Həmişə də deyirdi 31 Mart Soyqırım günüdür, mən ad günü keçirə bilmərəm.
 
- Bu dəfə də biz elə onun ad gününə gəlmişdik. Nurlan da deyirdi ki, getməyin, ata gələnə qədər burada qalın. Uşağın ürəyinə damıbmış nədi, qaldıq. O da gəldi.
Yenə göz yaşlarını saxlaya bilmir.

Nə Nurlana, nə də Dənizə atalarının qəhrəmancasına həlak olduğu barədə heç nə deməyiblər. Səlim kişi deyir ki, əlbəttə, biləcəklər.
 
- Mənim gücüm isə hələ ki onların saçlarını sığallayıb, oxşamağa çatır.
 
Anası Güllübəyim xanımın dediyinə görə, Murad gedəndə "ana, salamat qal" demişdi. "Sonuncu dəfə martın 28-də danışmışdım. Elə həmişə elə deyərdi. Bu dəfə də elə dedi və getdi. Sonra da yoldaşı ilə danışıb. Vəssalam".

Murad Talış kəndi uğrunda gedən döyüşlərdə həlak olub. Səlim kişinin dediyinə görə, son damla qanına qədər vuruşub. Tutduğu mövqeni əldən verməyib. Şahidlərin dediyinə görə, sonuncu yaralı döyüş meydanından çıxana qədər səngərdən çəkilməyib. Və qəhrəmanlıqla həlak olub. Həlak olan pilotlardan biri onunla bir yerdə oxuyub. Dost idilər. Allahın işinə bax ki, ikisi də yan-yana dəfn edildi. Və həmişə də bir yerdə olacaqlar...

Səlim kişi deyir ki, bu günlərdə eyni zamanda Sabirabadda da hüzrdür. Muğangəncəli kəndində, Muradın ata yurdunda. "Vətən sağ olsun. Şəhidlər ölmürlər. Bilirsən nəylə təskinlik tapıram? Xalqın ruhundan. Bu uşaqlar sübut elədilər ki, bu xalq hələ ölməyib".

lent.az