Mərhum eks-prezident Əbülfəz Elçibəyin silahı haqda olan məlumat ictimaiyyətin marağına səbəb olub.
Unikal.org-un məlumatına görə, eks-prezidentin qardaşı Almurad Əliyev onun əşyaları haqda "Yeni Müsavat"a açıqlama verərkən silahından da söz açması bu məsələni gündəmə gətirib.
Ə.Elçibəy siyasi lider olaraq həm AXC sədri olanda, həm prezidentliyi dövründə, həm də ondan sonra daim mühafizəçilərin əhatəsində olan şəxsin silah gəzdirməsinə nə ehtiyac var? Əbülfəz Elçibəyin uzun müddət köməkçisi olmuş Oqtay Qasımov bu haqda musavat.com-a açıqlamasında deyib: "Əbülfəz bəydə silah olubsa, bu, yəqin ki, qanuni olub. Amma Almurad bəyin dediyi həmin silahın harada saxlanılmasından doğrusu, xəbərim yoxdur. Bildiyim qədər o zaman Kələkidə Əbülfəz bəyə hədiyyə olunmuş silah var idi. İndi həmin silahın yenə kənddə, yaxud Bakıda olduğunu bilmirəm. Mənim gördüyüm uzun lüləli ov silahı idi. Lakin bilmirdim ki, həmin silah Əbülfəz bəyin öz adına idi, ya yox... Bildiyim qədər ona hədiyyə olunmuşdu və sənədi var idi. Bu, üstündə binokl olan ov silahı, tüfəng idi. Onu bir dəfə ovda olanda mən götürdüm. Amma heç nə vurmadıq".
Oqtay Qasımov Əbülfəz Elçibəyin digər əşyaları haqda da danışıb: "Əbülfəz bəy prezidentlik dövründə ona verilən hədiyyələrin hamısını o zaman dövlət hesabına keçirmişdi. Yalnız bir dəfə yaxın silahdaşlarının birinin verdiyi saatı qəbul edib. Qızıl və yaxud digər əşyaları yox idi. O, hədiyyə qəbul etməyi də xoşlamırdı. Hədiyyəni də ən yaxın dostlarından qəbul edərdi. Həmin hədiyyələrin də xüsusi maddi dəyəri olmazdı".