Aprelin 14-də Moskvanın Beynəlxalq Ticarət Mərkəzində prezident Vladimir Putinin ölkə sakinləriylə ənənəvi mətbuat konfransı keçiriləcək. Prezidentlə görüşdə adətən vətəndaşlar ona sosial-iqtisadi problemlərdən, mənzil sektorunda üzləşdiyi ədalətsizliklərdən bəhs edirlər. Putin isə qaydaya uyğun olaraq məmurlara, nazirliklərin əməkdaşlarına problemlərin həlli yönündə konkret tapşırıqlar verir.
Unikal.org "Qafqazinfo"ya istinadən xəbər verir ki, Putinə bu görüşlərdən öncə bəzən ağlasığmaz suallar da ünvanlanır. Belə ki, 2015-ci ildə Yelena Fadeyeva adlı qadın 40 yaşı münasibətilə it almaq istəyib. Hətta, rəfiqələri ona it hədiyyə etmək istəyiblər, lakin qadının məzuniyyətdə olan polkovnik həyat yoldaşı evdə it istəmədiyi üçün buna icazə verməyib. Y. Fadeyeva isə buna görə Vladimir Putinə müraciət edərək bildirib ki, ərini yola gətirsin.
"Xahiş edirəm, ona sadəcə belə deyin: "Boris, sən haqsızsan. Həyat yoldaşına it almağa icazə ver", - Yelenanın rəfiqələrindən biri yazıb.
Putin isə bildirib ki, ailə problemləri çox incə məsələdir və məsləhətçilərinə tapşırıb ki, qadına küçük balası alıb versinlər ki, ailəni qoruyub saxlaya bilsinlər. Qadına it alınıb veriləndən sonra polkovnik evdə itin olmağına bir neçə müddət müqavimət göstərsə də, sonradan razılaşıb.