"Agentlik Azərbaycanda çoxmənzilli yaşayış binalarının və digər tikinti obyektlərinin tikintisini təşkil edən, vətəndaşların güzəştlə mənzil əldə etmələrinə şərait yaradan, çoxmənzilli yaşayış binalarının tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsini təşkil və təmin edən, habelə bununla əlaqədar şəhərsalmanın planlaşdırılması, layihələndirilməsi və arxitektura sahələrində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır".
Bu sözlər üç gün öncə yaradılan Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin əsasnaməsində yazılıb.
Unikal.org bizimyol.info-ya istinadən xəbər verir ki, ekspertlərin fikrincə, burada əsas məqsəd "sosial mənzil" layihəsinin reallaşdırılmasıdır. Əhalinin mənzil probleminin həlli üçün ölkənin bütün şəhər və rayonlarında sosial mənzillərin tikintisinə başlanacağı gözlənilir. Burada əsas məqsəd belə mənzilləri aztəminatlı əhaliyə aşağı qiymətlərlə və uzun müddətə kreditlə təqdim etməklə onların mənzil problemlərinin həllindən və sosial rifah hallarının yaxşılaşdırılmasından ibarətdir.
Bu mövzuda "Bizim Yol"un "Facebook" səhifəsində sorğu keçirib, maddi imkanları aşağı olan aztəminatlı ailələrin və mənzili olmayan gənc ailələrin yeni yaradılan Mənzil İnşaatı Dövlət Agentliyindən gözləntilərinin nə olduğunu soruşulub.
Aygün Əliyeva: "Neçə illərdir məcburi köçkünlərin hamısını mənzillə təmin etməyiblər. Yəni iş bitməmiş qalıb. Odur ki, "sosial mənzil" layihəsinin məqsədlərinə tam çatacağına ümid etmirəm".
Ləman Azəri: "Bu xəbəri ilk eşidəndə sevindim. Qızım mənə "nə sevinirsən, sən artıq qocalıbsan, bu gənc ailələr üçündür" dedi. 20 il kirayədə yaşamağı heç kimə arzulamıram".
Fikrət Alıyev: "Əsasən dövlət yaxşı olmayan qanun və qərarlar qəbul etmir. Amma bunu icra etməli olan şəxslər səlahiyyətlərini aşırlar, süni əngəllər yaradırlar, vəzifələrindən şəxsi mənafeləri üçün istifadə edirlər".
Ruslan Əsgərov: "Yaxşı olar ki, kasıb ailənin övladı hərbi xidməti başa vurub evinə dönəndən sonra mənzil üçün müraciət etdikdə, mənzil vermək üçün onu qeydiyyata götürsünlər".
Fidan Emil: "Ordan da evi varlılar alaraq kasıblara kirayə verəcək. Necə ki, ipoteka şərtləri ilə evi yalnız varlılar alır".
Səid Məcidi: "Bu işdən nə isə gözləmək, xoruzdan yumurta gözləməyə bənzəyir".
Yusif Məmmədli: "İş yeri var ki, ev də alaq?!"
Nemət Müzəffərov: "Əvvəl evlənmək lazımdır".
Kirayədə yaşayan gənc ailələrdən olan "Cümhuriyət" qəzetinin müxbiri Mənsur Rəğbətoğlu Mənzil İnşaatı Dövlət Agentliyindən gözləntilərinin olmadığını dilə gətirib: "Mən heç nə gözləmirəm, ümidli deyiləm. Çünki yüz minlərlə evsiz gəncin içində özümü şansız hesab edirəm. Həmçinin tikinti mafiyasının ortalıqda at oynatdığı vaxtda bu layihənin uğurlu olacağına da inanmıram. Reallaşsa belə, evlərin alınması üstündə əmələ gələcək uzun quyruqda gözləməyin də tənbəlliyi və utancaqlığı da məni bezdirər. Sosial evlər tikmək əvəzinə "Niyə Azərbaycanda çoxlu evsiz insan var?" sualına cavab vermək, tapılan cavaba uyğun olaraq da hərəkət etmək doğru deyilmi? Uzun illər "kaçalkalar" yerin dibindən neft fontanı vurduqca, bir gün bu "qara su"yun selləmə gəlib iqtisadiyyatı yıxacağını əvvəldən görmək lazım idi. Mənə sosial ev lazım deyil, mənə öz imkanlarım hesabına ala biləcəyim ev lazımdır. Mənə, mən kimi olan hər kəsə bu imkan yaradılmalıdır".
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması Sosial Mənzil Fondunun formalaşdırılması istiqamətində atılmış addımdır: "Bu prosesdə ən vacib məqam inşa olunacaq mənzillərin verilməsində sosial tələblərin gözlənilməsindən daha çox satınalma müsabiqələrinin şəffaflığı və məbləği olacaq".
Xatırladaq ki, Mənzil İnşaatı Dövlət Agentliyi ilə bağlı fərmanın imzalanmasından iki gün öncə, yəni aprelin 9-da prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda ölkə başçısı sosial mənzil tikintisinin vacibliyini vurğulayıb: "Sosial Mənzil Fondunun yaradılmasında əsas məqsəd belə mənzilləri aztəminatlı əhaliyə aşağı qiymətlərlə və uzun müddətə kreditlə təqdim etməklə onların mənzil problemlərinin həllindən və sosial rifah hallarının yaxşılaşdırılmasından ibarətdir. Bu tipli mənzillərin tikintisi həm Bakı şəhərində, həm də bütün digər rayon və şəhərlərdə geniş şəkildə aparılacaq…
Bakı şəhərində qəzalı vəziyyətdə binalar kifayət qədər çoxdur. İndi pilot layihələri icra edilir. Birinci layihə Sabunçu rayonunda icra edilməyə başlanıb. Vətəndaşlar da bundan çox razıdırlar. İndi bu proses digər rayonlarda, Qaradağ rayonunda, hər bir rayonda başlanıb. Bakının hər bir rayonunda qəzalı vəziyyətdə olan binalar var. Onlar əlbəttə ki, sökülməlidir və orada yaşayan insanlar ya dövlət, ya da özəl sektor tərəfindən daha yaxşı evlərlə təmin edilməlidirlər. Burada həm dövlət, həm özəl sektor birgə işləyə bilər. Buna nail olmaq üçün sadəcə şərait yaradılmalıdır və yaradılır. Hesab edirəm ki, bu il bu proses çox kütləvi xarakter alacaq. Sosial mənzillərin tikintisi, eyni zamanda, qəzalı vəziyyətdəki bu evlərin yerində gözəl, çoxmərtəbəli binaların tikintisi inşaat sektoruna çox böyük təkan verəcək"-deyə prezident vurğulayıb.