Rusiyanın iki Su-24 qırıcı-bombardmançı təyyarəsi ABŞ Hərbi-Dəniz Qüvvələrinin Baltik dənizindəki "USS Donald Cook" esminesinin üzərindən uçub. Daha sonra Rusiyanın hərbi helikopteri də amerikalıların başı üzərindən "aşağılayıcı" uçuşu gerçəkləşdirib.

ABŞ bunu aşkar təxribat və meydan oxuma kimi dəyərləndirib.

Unikal.org Milli.Az-a istinadən bildirir ki, ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı (EUCOM) qırıcıların hərbi gəmi üzərindən uçuşlarının əks olunduğu videonu yayıb.

İnsidentlə bağlı olaraq Vaşinqton diplomatik kanallarla Moskvaya müraciət edərək hiddətini bildirib. ABŞ HDQ-nin komandanlığı da olayı araşdırır.

"Aşkar münaqişə və toqquşmanın qarşısını almaq üçün ABŞ aviasiyasının hadisə rayonunda uçuşları Su-24 təyyarələri oranı tərk edənək dayandırılıb", - EUCOM-un açıqlamasında deyilir.

Pentaqon bildirir ki, Rusiyanın 2 Su-24 təyyarəsinin pilotlarının davranışı "beynəlxalq sularda hərbçilərin peşəkar davranış normalarına kökündən ziddir".

Rusiya isə bəyan edib ki, onun təyyarələrində raket və bombalar olmayıb.