Xəbər verdiyimiz kimi, Türkiyənin "İhlas" xəbər agentliyinin Moskva müxbiri, son günlər Rusiya telekanallarında Azərbaycanın maraqlarını müdafiə edən Fuad Abbasov işdən çıxarılıb.
Fuad Abbasovun yazdığına görə, agentlik ona məktub göndərərək işdən azad edildiyini qeyd edib. Fuad isə işdən çıxarılmasını belə izah edib: "Mənə göndərilən məktubda işlərin qaydada getməməsi əsas gətirilib. Amma hansı işlərdən söhbət getdiyini başa düşmədim. Son 6 ay ərzində Rusiyanın müxtəlif qəzet, internet mətbuatı, radio və televiziyalarında 50-dən çox çıxışım olub və heç bir qarşılıq gözləmədən Su-24 böhranından sonra Türkiyənin mövqeyinin Rusiyada müdafiə etmək başlıca "işim" olub. Burdakı məsləkdaşlarımdan ən çox eşitdiyim tənbeh isə " "Boş ver Rusya-Türkiye ilişkilerini, işinden atılırsın, kimse sana sahip çıkmaz" sözləri idi".
Fuad Abbasov iddia edir ki, onun işdən çıxarılması Rusiyanın sifarişidir: "Xəbər agentliyimizin içində çox güvəndiyim insanlardan Rusiyadakı işimə son verilməsi qərarının Moskvadan gələn tələb əsasında olduğunu öyrəndim". Fuadın iddialarına cavab olaraq İHA agentliyi vurğulanıb ki, F.Abbasovun dedikləri həqiqəti əks etdirmir:"Bu, doğru deyil. Onunla agentlik arasında anlaşma ləğv edildi. Bizim üçün görüntü önəmlidir. Lakin Fuad Abbasov bizi görüntü ilə təmin edə bilmirdi. Onun Rusiya televiziyalarında çıxışlarından məmnun idik. Həm Türkiyəni, həm də Azərbaycanı, xüsusən də Dağlıq Qarabağ mövzusunda müdafiə edən gözəl çıxışları olub. Lakin işdən çıxarılmasına səbəb video görüntünün əksikliyi olub".
Bütün bu məsələlərlə bağlı "İhlas" xəbər agentliyinin keçmiş Moskva müxbiri, son günlər Rusiya telekanallarında Azərbaycanın maraqlarını müdafiə edən Fuad Abbasov unikal.org-a qısa müsahibə verib.
-Fuad bəy dünən çalışdığınız Agentlik sizi təkzib etdi və ilk öncə buna fikrinizi bilmək istərdik?....
-Agentlik məni nədə təkzip etdi? İşdən çıxarmayıblar? Qayıda bilərəm İhlasa? İş təminatım indi yadlarına düşdü?
-Hazırda sizə təzyiqlər varmı məlum çıxışınızdan sonra?
-Heç bir fiziki təzyiq yoxdur. Sadəcə olaraq internetdən təhdidlər yağdırırlar və onları ciddiyə almıram.
-Hazırda ölkəyə gəlməyi planlaşdırırsınızmı?
-Ölkəyə gəlməyi May ayının 25-dən sonra övladlarımın oxuduqları məktəblər tətilə bağlandıqdan sonra planlaşdırıram.
-Siz işdən ayrıldıqdan sonra Azərbaycan və yaxud Türkiyədən iş təklifi gəldimi?
-İş haqqında fikirləşmirəm. Hələlik sadəcə bir az dincəlmək istəyirəm.
-Bundan sonrakı planlarınız varmı?
-Planım mübarizəmi davam etməkdir. İhlas xəbər agentliyindən çıxmaq Azərbaycanlılıqdan və ya müsəlmanlıqdan çıxmaq deyil. Torpaqlarımız geri qaytarılana qədər vətənimizin haq səsini Rusiya ictimayyətinə çatdırmağa davam edəcəm.
Amid Əyyuboğlu