Azərbaycanın sabiq Baş naziri, hərbi dövlət çevrilişində təqsirli bilinən keçmiş korpus komandiri Sürət Hüseynov mətbuatda maraqlı açıqlamalarla çıxış edib. O vurğulayıb ki, AXC-Müsavat imkan versəydi Qarabağı geri alacaqmış. Eks baş nazir onu Rusiyanın adamı kimi təqdim edənlərə də qarğış edib. Bildirib ki, "əgər mən Rusiyanın adamıyamsa, yalançının Allah bəlasını versin.
Eks baş nazirin dediklərinə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da münasibət bildirib.
S.Cəlaloğlu Unikal.org-a S.Hüseynovun "Qarabağı geri alırdım, AXC-Müsavat imkan vermədi fikrini belə şərh edib:
"Sürət Hüseynov Rusiya tərəfindən himayə olunan adam idi. O, sözügedən ölkənin tapşırığı ilə Elçibəy hakimiyyətinə qarşı üsyanda iştirak edib. Hazırda Rusiya Azərbaycana təzyiq edir və ölkəmizdə ruspərəst qüvvələri yenidən akitivləşdirir. Rəhim Qazıyev, Sürət Hüseynov, Abbas Abbasov kimi adamlar Azərbaycanının ən yaxın tarixində baş verən hadisələrdə yaxından iştirak ediblər.
Bu kimi adamlar yenidən fəallaşmağa başlayıb. Əgər sən Qarabağı azad etmək istəyirdinsə, kim səni qoymadı? Sənin AXC, Müsavat-a qarşı gücün yox isdə, Qarabağı necə ala bilərdin? Əgər sənin Qarabağı azad etməyə gücün var idisə, nə əcəb AXC və Musavata müqavimət göstərə bilmədin?
Məgər, sən Elçibəyə tabe idin? Tabe olsaydın niyə dövlət çevrilişi edirdin? Ona görə də bu hadisələrin heç birinin arxasında Sürət Hüseynovun fikirləri kimi idealar dayanmır. Bunların hamısı yaxın tarixi təhrif eləmək və özünü xalq qəhramanı kimi göstərməkdən ibarətdir. S.Hüseynovun Azərbaycan tarixində mövqeyi hamıya bəllidir. O, 1993-cü il hadisələrinə görə Azərbaycan tarixinə, xalqına, dövlətinə qarşı ən mühüm xəyanətlərə imza atmış adamdır. Yəni, demokratik hakimiyətin qeyri-qanuni yolla devrilməsinin biləvasitə iştirakçılarından biridir. Konstitutsiya görə o hələ də məsuliyət daşıyır.
S.Cəlaloğlu eks baş nazirin Rusiyanın adamı kimi təqdim edənlərə qarğış etməsinə belə münasibət bildirib:
"Allah onsuzda bu dünyada onun bəlasını verib. O nəyə bəla deyir? Əvvəla Allah Təala insanının yarı bəlasını bu dünyada, yarısını da axirətdə verir. Sən nə bilirsən ki, cənnətə gedəcəksən Sürət Hüseynov? Gözlə axirət olsun sonra biləcəksən.
ADP rəhbəri hesab edir ki, ərazilərimizin işğalı ilə bağlı baş verən hadisələr və bundan sonra Azərbaycan dövlətinə, xalqına dəyən ziyanlara görə, Sürət Hüseynov Allah, xalq və dövlətimiz qarşısında məhsuliyyət daşıyıb, bundan sonra da bu belə olacaq:
"Bu adam yalandan deyir siyasətlə məşğul olmur. Bəs nəyə görə siyasi bəyanatlar verir? Bunlar hamısı qeyri-ciddi söhbətlərdir. Gec-tez Sürət Hüseynov və onun kimi adamlar öz cəzasını çəkəcəklər.