Unikal.org Akademik Milli Dram Teatrının aktrisası Məleykə Əsədovanın publika.az-a müsahibəsini təqdim edir.
- Bir müddət öncə İlyas Əfəndiyevin "Mənim günahım" adlı əsəri əsasında səhnələşdirilən eyni adlı tamaşada baş rolda çıxış etdiniz. İlk dəfə idi ki, Milli Dram Teatrının səhnəsində aktrisa balet oynayırdı... Çətin olmadı ki?
- Mən həmişə demişəm ki, aktrisanın plastikası olmalıdır. Mən, əslində, balerina deyiləm, amma bunu bacardım.
- Nədənsə bizim bir çox aktrisalarımız yaşa dolduqca plastikasını itirir, kökəlirlər. Amma illər Məleykə Əsədovanı heç dəyişmir. Görünüşünüzü necə qoruyub saxlaya bilirsiniz?
- Mən yalnız özümə məxsus deyiləm. Səhnəyə çıxıram və tamaşaçımın zövqünü oxşamalıyam. Buna görə də formamı saxlamaq üçün idmanla məşğul oluram.
- Bəs pəhriz saxlayırsınız?
- Demək olar ki, çörəyi menyumdan çıxarmışam. Heç çox yeyən də deyiləm. Az-az, amma tez-tez yeməyə üstünlük verirəm.
- Dietoloqlar xanımlara dərinin təravətli olması üçün gün ərzində iki litr su içmələrini məsləhət görürlər. Bəs siz?
- Yox, mən suyu ürəyim istəyəndə içirəm. İllərdir mən səhərlər mövsumə uyğun olaraq meyvə və tərəvəzlərin şirəsini içirəm. Hər səhər balqabaq, yaxud da meyvə şirəsi içməmiş evdən çıxmıram. Qara çaydan imtina etmişəm, yalnız bitki çaylarından istifadə edirəm.
- Bir ara kökəlmək istədiyinizi demişdiniz, deyəsən, istəyinizi reallaşdırmısınız?
- İki-üç il əvvəl bir az arıqlamışdım. Boyum 170-dir, çəkim 56 kilo olanda pis görünürdüm.
- Bəs indi?
- İndi 60 kiloyam. Uzağı bir kilo arıqlayıb, ya kökələ bilərəm.
- Maraqlıdır, kompleksləriniz var?
- Mən səhnə adamıyam, yalnız səhnədə özümü rahat hiss edirəm. Amma digər məkanlarda diqqət mərkəzində olmağı sevmirəm.
- Sizcə, vücudunuzda sizə yaraşıq verən nədir?
- Hər kəs mənim dərimin şəffaflığından danışır. Dərim çox şəffafdır. Bu da genetikdir, mənə anamdan keçib. Amma hər kəs bilir ki, gözəllik qalıcı deyil, bir gün keçib gedir. Lakin insanın gözünün içi saf qalmalıdır. İnsan nə qədər ürəyini, duyğularını saf saxlasa, yaşlandıqca üzünə nur gələcək.
- Amma qadınlar yaşlanmaqdan çox qorxurlar...
- Kaş ki, Allah mənə qocalığı qismət eləsin. Yaşa doluruq deyə bunu oturub özümüzə dərd etməməli, depressiyaya düşməməliyik. Allah mənə nəvələrimi görməyi nəsib etsin. Fikir vermişəm, Azərbaycan qadınları 80 yaşa çatanda da üzündə bir nur, gözəllik olur.
- Amma bəzi qadınlarımız o qədər plastik əməliyyatlar etdirirlər ki, üzündə nurdan əsər-əlamət də qalmır.
- Nur gözün içində olur. Bir də görürsən xanımın bütün əzaları yerindədir, gözəldir. Amma çəkici deyil. Amma qadın da var ki, ayrı-ayrılıqda vücudu gözəl deyil, amma gözünü ondan çəkə bilmirsən. Çünki siması nurludur, içi safdır. Mənim üçün daxili gözəllik çox önəmlidir. Mənim daxilim xaricimdən gözəldir. Mənim öz dünyam var. Anam dünyasını dəyişəndən sonra çox depressiyaya düşdüm. Qızım həyatıma rəng qatdı. Bu gün mənim öz balaca dünyam var və o dünyanın içində çox xoşbəxtəm. Bu dünyanı kirlətməmişəm. Fikir vermisinizsə, heç vaxt qalmaqallara qatılmıram, dedi-qodu etmirəm. Hətta özüm haqqında yazılan xəbərləri də oxumuram.
- Niyə?
- Mən çox həssasam, hər şeyi ürəyimə salıram. Təkcə özüm haqqında deyil, digər sənət adamları barədə yazılan xoşagəlməz fikirlərdən də qıcıqlanıram.
- Nə qədər qaçsanız da sənət adamı olaraq şayiələrdən də yəqin ki, yaxa qurtarmaq mümkün deyil. Maraqlıdır, haqqınızda eşitdiyiniz şayiələrə reaksiyanız necə olur?
- Təbii ki, şayiələr mənə əsəb verir. Çünki duyğusal insanam. Buna görə də ətrafımdakı insanlara demişəm ki, eşitdiyiniz hər şayiəni mənə deməyin.
- Bilirik ki, çox duyğusal xanımsınız. Duyğusal insanlar da adətən şeir yazır, bəs siz?
- Bir vaxtlar mənsur şeirlər yazırdım. Düşündüm ki, bu duyğularım başqaları tərəfindən düzgün anlaşılmaya bilər. Buna görə də həmin şeirləri cırıb atdım.
- Ünvanı vardımı o şeirlərin?
- Yox, o misralar, sadəcə, duyğularımın məhsulu idi.
- Adətən duyğusual insanların sevgisi də fərqli olur...
- Düzdür. Amma mən həyatımın sevgi səhifəsini bağladım artıq.
- Niyə?
- Sevənlər çoxdur, hər zaman komplimentlər eşidirəm, amma belə daha rahatam. Qızımı sevirəm və istəmirəm o sevgini bölüm. Ürəyim bütünlüklə ona məxsusdur.
- Yeri gəlmişkən, qızınızın aktrisa olmağını istərdiniz?
- Seçimi onun öz ixtiyarına verəcəm.
- Özünüzü ifadə etmək üçün hansı sözdən istifadə edərdiniz?
- İki sözlə ifadə edərdim: Məleykə-Məlaikə. Göylər qızı, sadə Məleykə!
- Amma bəzi insanlar sizin təkəbbürlü və eqoist oldğunuzu zənn edir?
- Bunu özüm də eşitmişəm, deyiblər ki, Məleykə özündənrazıdır. Özümə hörmət edən insanam, bəlkə də bu fikir bundan qaynaqlanıb.
- "Bu olar, bu olmaz" deyə özünüzə qadağalarınız varmı?
- Çoxdur. Hətta heç istəsəm də bəzi şeylər var ki, olmaz.
- Niyə azadlığınızı bu dərəcədə boğursunuz?
- Çünki mən yalnız özümə deyil, xalqa məxsusam. Hər oturuşumda, duruşumda, hərəkətimdə bunu nəzərə alıram.
- Bu qədər özünənəzarət sizi yormur?
- Bu özünənəzarət deyil, əslində, mən doğuluşdan beləyəm. Səhnə adamıyıq, biz hər hərəkətimizlə nümunə olmalıyıq. Mən özümə, eyni zamanda, tamaşaçılarıma hörmət edirəm. Çünki məni bu yerə gətirib çıxaran tamaşaçılarımdır.
- İllər sizə şan-şöhrət verdi, bəs əvəzində nə aldı?
- İllər mənə hər şey verdi, amma 80 faiz insanlara güvənim itdi. Xüsusən də son 10-12 ildə gözüm həyata açıldı. Anam dünyasını dəyişəndən sonra. Hansı ki, anam yanımda olanda elə bil göylərdə uçurdum. Həyat insana dərs verir.
(Dərindən köks ötürür )
Adam bir adam gəzir,
Dərdini danışmağa,
Kədərini bölüşüb,
Ürəyini açmağa...
Hamısını deməyim, yaxın günlərdə özünüz də bu şeiri mənim dilimdən eşidəcəksiniz.
- Heç olubmu məcburiyyətdən, ya kiminsə xətrinə dəyməmək üçün xoşunuza gəlməyən şeirləri söyləyəsiniz?
- İnanın ki, yox. Mən ruh adamıyam, şeirlər içimə hopmasa, oxuya bilmərəm. Ümumiyyətlə, sizə bir söz deyim, ruh adamları üçün bu həyatda yaşamaq çox çətindir.
- Həmişə zövqlə geyinirsiniz. Maraqlıdır, başqalarının zövqü ilə hesablaşırsınız?
- Yeri gələndə başqaları mənimlə məsləhətləşirlər. Həmişə öz zövqümlə geyinirəm.
- Elə geyim olubmu ki, sizə yaraşmadığını bilə-bilə almısınız?
- Xarici ölkələrdə olanda almışam, amma görmüşəm ki, mənə yaraşmır, geyinməmişəm. Qadın öz bədəninə uyğun paltar geyinməlidir.
- Qarderobda ən çox ətəklər üstünlük təşkil edir, yoxsa şalvarlar?
- Hamısından var.
- Bəs rəng?
- Çox istəyirəm ki, əlvan geyimlər geyinim, amma çox vaxt aldığım geyimlərin əksəriyyəti qara olur. Heç özüm də bilmirəm niyə, amma nədənsə, qaranı çox sevirəm. Həm də klassik rəngdir.