Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Balakəndə "ABAD Mərkəzin açılışında iştirak edib.
Unikal.org xəbər verir ki, Prezident İlham Əliyev əvvəlcə rayonun Katex kəndində yerləşən "Balxurma müəssisəsinin 2016-2017-ci illər üzrə fəaliyyəti və gələcək planları ilə bağlı məlumatları əks etdirən stendlərə baxıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov "ABAD layihəsi çərçivəsində görülən işlər barədə dövlət başçısına məlumat verib.
Son illərdə ölkəmizdə kiçik ailə biznesinin və təsərrüfatlarının inkişafını təşviq etmək və regional inkişafa töhfə vermək məqsədilə icra olunan layihələr arasında "ABAD layihəsinin xüsusi yeri var. "ABAD Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən və 2016-cı il sentyabrın 23-də yaradılan publik hüquqi şəxsdir. O, Dayanıqlı İnkişaf Məqsədlərinin əldə olunmasına dəstək verməyi nəzərdə tutan yeni sosial innovasiya konsepsiyasıdır. Layihənin məqsədi kiçik və orta sahibkarlığın inkişafına, məşğulluq səviyyəsinin artırılmasına, rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına, ölkədə regionların və kənd təsərrüfatının inkişafına dəstək verməkdir. Qeyri-kommersiya və sosialyönümlü qurum olan "ABAD yeganə ictimai təşkilatdır ki, ailə təsərrüfatının "ideyadan rəflərə daşınmasına kömək edir. "ABAD istehsalın planlaşdırılmasından məhsulların satışına qədər olan bütün biznes prosesinin idarə edilməsini həyata keçirir, yığılan gəlirin ailələrə köçürülməsini təmin edir. Ailələr öz bizneslərini qurmaq üçün ictimai və özəl qurumlarla birbaşa qarşılıqlı əlaqə saxlamır.