Azərbaycan prezidenti İlham Əliyev avqustun 3-də Zaqatala rayonuna səfər edib.
Unikal.org xəbər verir ki, dövlət başçısı əvvəlcə Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında onun abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Sonra prezident Zaqatalada "AzRose MMC-nin tikintisi davam edən qızılgül yağı istehsalı müəssisəsi ilə tanış olub. Dövlət başçısına müəssisə barədə məlumat verilib. Bildirildi ki, müəssisənin ümumi ərazisi 3 hektardır. Burada istehsalat bölməsi, anbar, ofis və digər infrastruktur obyektləri tikilib.
Türkiyədən və Bolqarıstandan dəvət olunmuş mütəxəssislərin tövsiyələri əsasında Zaqatala rayonunun Aşağı Tala kəndində gülçülüyün inkişaf etdirilməsi məqsədilə 107 hektar torpaq sahəsi müəyyənləşdirilib. Bolqarıstandan gətirilmiş tinglərdən 82 hektarda "Dəməşq qızılgülü və 25 hektarda "Lavanda gülü növləri üzrə gül plantasiyaları salınıb. Bu plantasiyalarda ilkin mərhələdə təxminən 600 ton gül ləçəyinin toplanması nəzərdə tutulub. "Dəməşq qızılgülündən istehsal olunan yağ həm məhsuldarlığına, həm də keyfiyyətinə görə ən yaxşısı hesab olunur. Bolqarıstandan gətirilmiş "Lavanda gülü növünün Fransa və Türkiyə "Lavanda növlərindən yağlılıq dərəcəsi 20 faiz çoxdur.
İllik gücü 1250 ton yaş gül, 250 litr qızıl gül və 6 min litr "Lavanda gül yağı olan müəssisədə istehsal edilən yağlar "AzRose adı ilə bazarlara çıxarılacaq.
Qeyd edək ki, dünya üzrə ildə 3 ton qızılgül yağı istehsal olunur ki, bunun da 50 faizi Türkiyə, 40 faizi Bolqarıstan, 10 faizi isə digər ölkələrin payına düşür.
Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri və müəssisənin kollektivi ilə görüşüb.
Sonra İlham Əliyev qızılgül sahələrinə baxıb.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zaqatalada "Azərtütün MMC-nin tütün emalı zavodunun fəaliyyəti ilə tanış oldu.
Azərbaycan Respublikası Sahibkarlar Konfederasiyası (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və "Azərtütün MMC-nin idarə heyətinin sədri Fazil Rüstəmov dövlətimizin başçısına zavod barədə ətraflı məlumat verdilər.
Bildirildi ki, müəssisənin illik gücü bir növbədə 3300-3600 tondur. "Azərtütün MMC 2007-ci ildə təsis edilib. Cəmiyyətin bu zavodu isə 2010-cu ildə istifadəyə verilib. Zavod ABŞ, İtaliya və Bolqarıstan istehsalı olan müasir avadanlıqlarla təchiz olunub. Hazırda Zaqatala, Şəki və Qax rayonlarında Bolqarıstandan alınmış hər birinin tutumu 10 ton yaş tütün olan cəmi 180 tütünqurutma kamerasından ibarət 3 tütün qəbulu-qurudulması məntəqəsi fəaliyyət göstərir. Hər məntəqə mövsüm ərzində 10 min ton yaş tütün qəbulu və 1000 tona yaxın quru tütün əldə etmək gücünə malikdir. Məntəqələrdə qurudulmuş tütün emal olunmaq üçün "Azərtütün MMC-nin tütün emalı zavoduna təhvil verilir. Hər bir məntəqədə 90 nəfər çalışır ki, onların da 25 nəfəri daimi işçidir.
Diqqətə çatdırıldı ki, şitil yetişdirilməsi üçün ABŞ texnologiyası ilə işləyən 14 istixana quraşdırılıb. "Azərtütün MMC-nin müasir şum texnikası, tütün şitilini basdırmaq, əkinə qulluq, kultivasiya işlərini aparmaq üçün mexanizmləri və tütün yarpaqlarını yığan xüsusi kombaynları da var. 2016-cı ildə tədarük olunmuş 1039 ton "Virciniya sortlu quru tütün bu müəssisədə emal olunaraq satılıb. 2017-ci ildə isə zavodda 2300 ton tütünün emal olunması nəzərdə tutulub.
Müəssisə ilə tanışlıqdan sonra xatirə şəkli çəkdirildi.
Qeyd edək ki, son illərdə ölkəmizdə həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının ənənəvi sahələri yeni inkişaf mərhələsinə qədəm qoyub. "Azərtütün MMC-nin Zaqatala tütün emalı zavodu da bu baxımdan mühüm əhəmiyyət daşıyır. Bu cür layihələrin uğurla icrasının təməlində Azərbaycan dövlətinin iş adamlarına göstərdiyi diqqət və qayğı durur. Bu gün Azərbaycanda sahibkarlar dövlət tərəfindən həm mənəvi, həm siyasi, həm də iqtisadi dəstək alırlar. Bölgələrdə yeni zavod, fabrik və digər istehsal müəssisələrinin fəaliyyətə başlaması işsizlik problemini aradan qaldırmaqla yanaşı, regionların malik olduğu potensialdan düzgün istifadə mexanizmlərini də üzə çıxarır. Bu müəssisələr həm də daxili tələbatı ödəməklə yanaşı, ixrac potensialımızı artırır. Beləliklə, "Azərtütün MMC-nin Zaqatala tütün emalı zavodunun yaradılması bir daha sübut edir ki, Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələrə uyğun olaraq ölkəmizdə mühüm işlər görülür və bu işlər iqtisadiyyatın bir çox sahələrini əhatə edir.