Son dövrlər AzTV sədri Arif Alışanovla vaxtı ilə bu televiziyada çalışmış, telejurnalist Qulu Məhərrəmli arasında ölkə mediasında və məhkəmə müstəvisində çəkişmə gedir. Tərəflər bir-birini ağır ittiham edirlər. Onların davasına AzTV-də məsul vəzifə tutan yazıçı-jurnalist Məqsəd Nur köşə yazısı ilə münasibət bildirib.

Məqsəd Nurun "Qafqazinfo"ya göndərdiyi yazını olduğu kimi təqdim edirik:


Bir dəfə, doxsanıncı illərdə, çalışdığım qəzetlərdən birində AzTV-nin bir əməkdaşıyla bağlı kiçik, amma qərəzli (bəlkə də ifrat sarkazmlı) başlıqla bir informasiya dərc edilmişdi. Həmin nömrənin çapa hazırlanmasında iştirak etməsəm də, görəv olaraq o məlumatın məsuliyyəti mənim də uzərimə düşürdü. Bir qədər sonra qəzetdə həmin adamdan üzr istədik, anlaşılmazlığı yoluna qoyduq, di gəl ki, o kiçik bir xəbər başlığında işlənmiş ifadələr AzTV-nin kollektivində böyük narahatçılığa səbəb olmuşdu... Məlumatda sözügedən adamın adından redaksiyanı haqlı olaraq "divara dirəyən" ötkəm insan indi də AzTV-də çalışır və mən də ara-sıra onunla üz-üzə gəlib salamlaşıram. Hər dəfə də düz gözlərinin içinə baxıb "deyəcəyiniz bir söz qalıbsa dinləməyə hazıram" demək istəyirəm, amma adam susur, yüksək mədəniyyətlə salamlaşıb keçir...

O vaxt, o adamla hətta mübahisə edib danışdıqdan sonra düşünürdüm ki, AzTV barədə bildiklərim yetərli deyilmiş və elə o vaxt da anladığım bu oldu ki, bu sənət ocağı hardan gəldi tənqid olunsa da, gerçəkdə müasir Azərbaycan tarixinin bir parçasıdır və bu tarixi yaradan insanlara münasibətdə mutləq ehtiyatlı, səlis olmalısan. Çünki onlar hal-hazırda bizimlə bir zamanda, bir ölkədə, bir arada yaşayır, yaradırlar, tarix yazırlar. Tarixə qiymət isə sonra verilir...

Bu mənim ictimai munasibətim. Şəxsən özümə gəldikdə isə, o vaxt hər şey yat-yut olandan, sinirlər sakitləşəndən sonra həmişəki kimi nənəmin sözlərini xatırladım: " ... dilinə sahib ol!" Bu, sözlər nənəmin söylədiyi yasaqlar sırasında əvvəlinci yerlərdən birini tutur... Əlbəttə bu hadisə mənə işimə biraz da məsuliyyətli yanaşmağı, ətrafa daha ayıq baxmağı öyrətdi... "Demokratiya məsuluyyətdir" dediyimiz bir anlayışın əslində min illər qabaq bizə də miras qoyulduğundan əmin oldum...

...artıq hamımıza məlum olan Qulu Məhərrəmli atmacaları ortaya çıxanda da ilk olaraq yuxarıda danışdığım əhvalat yadıma düşdü.

Qulu müəllimlə də açıq polemikaya girib bəlkə də bir örnək göstərmək üçün onun "facebook" səhifəsinə "status" da yazdım və ona istənilən kontekstdə təhqirə rəvac verməyin bizdən sonrakı nəslə pis nümunə oldugunu vurğuladım. Əlbəttə, ox yaydan çıxmışdı, Qulu Məhərrəmli AzTV-yə, onun rəhbərinə, bu təşkilatın çoxmillətli, çoxkonfesiyalı kollektivinə bayram "hədiyyəsi" etmişdi. Hələ bu azmiş kimi, ondan umub-küsənlərə, onu tənqid edənlərə də dözməyib bir az da irəli getmiş, rəngi biraz da qarışdırmaq üçünmü, izahat vermək üçünmü, prosesi davam etdirmək üçünmü, ikinci cəhdində aranı bir az da qarışdıraraq oz səhifəsində belə bir fikir yerləşdirmişdi: "İndiki jurnalistika havasına (!) uyğun olaraq bir az cazibədar başliq (!) ilə verilmiş bu müsahibənin sərt alındığını deyir bəzi dostlar, amma nə sual qoyublarsa onlara cavab vermişəm (!). Amma fakt budur ki, ciddi tarixi olan AzTV indi qeyri-peşəkarların (!) əlində oyuncağa çevrilib, ekranın parıltısı arxasında peşəkarlığın özfəaliyyətlə, miskinliklə (!) əvəz olunması prosesi gedir."

Bu da sizə 60 yaşı haqlamış bir ziyalının illərcə çalışdığı altmiş yaşlı təşkilatın peşə bayramı günü dediyi sözlər. Məncə, bostanına daş atılmış qarşı tərəfdən səs çıxmasaydı və hər kəs susub dursaydı, altmış yaşını haqlamış bu kişiyə dünya yenə dar gələcəkdiı, diskomfort davam edəcəkdi və hörmətli professor yenə də hədyan dolu ifadələrini durdurmayacaqdı: davam edəcək, bu söhbətlərin davamlı olması üçün əssabələriylə birlikdə isterik ab-hava yaradacaq və qarşısındakıların hissinə, tərbiyəsinə dəyər vermədən işinə davam edəcəkdi. (Əlbəttə bu məsələdə mənimlə razılaşmayanların da düşüncələrinə hörmətlə yanaşıram) Məncə, o vaxt, məhz o vaxt kəsimində hörmətli Qulu müəllim havadanmı, sudanmı, fərəhdən və ya nifrətdənmi o cür proqramlaşdırılmışdı desək, yanılmarıq. Tanrı hər kəsi proqramlaşdırır. Ətraf mühit, insanlar, hava durumu da proqramlaşdırmanı müxtəlif formalarda təzahür etdirə bilər. Düşünürəm ki, bu proqramlaşdırma məntiqi bir sonuca gəlməyincə Qulu müəllimin də düşüncəsində, münasibətində, bəlkə də iş və ictimai həyatında rahatlıq olmayacaqdı. Məsələyə lap ciddi yanaşsaq, əgər Qulu Məhərrəmli tutarlı cavab almasaydı, həddini bilməyi üçün yeri göstərilməsəydi, ictimai qınaq obyektinə dönməsəydi, düşünəcəkdi ki, bu status-kvonun davam etməsi təbiidir.

Nənəm deyirdi: "Hoha var dağa qaldırar, hoha var dağdan endirər". Yersiz bir söz işlətsən, "bir qanlıq söz demə" deyərdi. Bu misalları ona görə çəkirəm ki, əslində Qulu Məhərrəmliyə qarşı qaldırılmış məhkəmə iddiasının arxasında insan hisslərinin və insan səbrinin son həddini görürəm. Məncə, Arif Alışanov düzgün qərar verdi: məhkəmədə nəticənin necə olacağı indidən bilinməsə də AzTV-də çalışan insanların "qeyri-peşəkar", "miskin" obrazını yaratmaq istəyən, yaşından və başından asılı olmayaraq, bu tip tənqidçi-podratçılara demokratiyanın həm də məsuliyyət olduğu bir daha bildirilmiş oldu. Hərçənd, məndən olsa, ictimai, inzibati çəkişmə deyil, hisslərə, insanlara, sinirlərə hörmət hissi nəzərə alinmaqla Qulu Məhərrəmli elə keçmiş dostu Arif Alışanovun ikilikdə ona deyə biləcəyi sözləri, iradları uzağa – Amerikaya getmədən də xatırlaya, duya, dəyərləndirə bilərdi. İndi nə fərqi var, Arif Alışanov qarşınıza özü çıxır, ya vəkiliylə. Bildiyim qədəriylə indiyədək Arif Alışanov Qulu Məhərrəmli barədə mətbuatda bir kəlmə söz də söyləməyib. Bütün ittihamlar, tənqid və təhqirlər yalnız birtərəfli qaydada gedib. Burda deyirlər ki, yükü qoy yerə, gəl, davalaşaq. Bax bu məlum məhkəmə işinin də bir tərəfində, əslinə baxsan, Arif Alışanovun təşəbbüskarlığı deyil, Qulu Məhərrəmlinin sadəcə davalaşmaq hissi, intiqam, kin, kəmhövsələlik xüsusiyyətləri, o cümlədən yuxarıda dediyim kimi proqramlaşdırılıb cəmiyyətin canına buraxılmış məqsədləri dayanır.

Təəssüf edirəm.

Məncə, həyatda ən böyük səhvlər enerjinin tənzimlənməməsi ucbatından baş verir. Bu, hamımıza aiddi. Belə olmasaydı, biz gerçək iş quranları söyərkən bu qədər bağırmaz, qurulanları ağına-bozuna baxmadan dağıtmağa cəhd edərkən bir düşünər, ətrafa dəyər verər, aramızda düşmənçilik toxumu səpməzdik. Baxın, Qulu Məhərrəmlinin sadəcə "tənqid" adlandırdığı, yuxarıda gətirdiyim kiçik sitatlar insan davranışının hansı qatlarından xəbər verir. Bu davranışa AzTV və ya Arif Alışanovdan adekvat cavab gəldisə, burda inciməli nə var ki? Bəs burda çalışan insanlara "bir parça çörəyə, vəzifəyə görə asılıb qalıblar" fikirləri dövriyyəyə buraxıldısa, hələ məhkəmə başlamamış ictimai manipulyasiyalar başladısa, bunu hara yazaq? Deməli, insanları daha çox konfrontasiyalara, daha çox pisliklərə və daha çox təhqirlərə çəkənlər ictimai əxlaqlarına və enerjilərinə nəzarət etmirlər, ya da bu gərginliyin arxasında gizlin işlər dayanır. Əlbəttə, saytlarda çalışan gənc, çevik həmkarlarımız yaxşı başlıqlar, yaxşı suallar axtarir. Bəs biz bu suallara cavab verərkən nə axtarırıq? Bəlkə də nənəmin yasaqları olmasaydı, mən də Qulu müəllim kimi demokratiyanı, tənqidin növünü, çeşidini, ritmini elə Amerikadan, ordan-burdan, öyrənəcəkdim və sonra da deyəcəkdim ki, burda nə varmış ki?

Bütün Qarabağ savaşını görmüş, keçmiş reportyor kimi deyirəm: əgər içi hamımız qarışıq, çılğınlıqlarımızı idarə edə bilsəydik, indi Lələtəpədə üzü Şuşaya doğru Qarabağ şikəstəsi oxumazdıq. Başqalarının xasiyyətlərini, demokratiyasını, mübarizə üsullarını təkrar etməkdənsə, bircə dəfə tariximizdəki, folklorumuzdakı, tərbiyəmizdəki elementlərə baxsaydiq...

Mən də bir çox həmkarlarım kimi, bir neçə özəl televiziya şirkətlərində çalışmışam (ANS, Lider, Region, ATV), amma bu kollektivlərdən ayrıldıqdan sonra mümkün olan bütün fikr ayrılıqlarına, düşüncə və peşəkar maraqlara baxmayaraq, indi də mənimlə çalışan bütün personalı və rəhbərliyi minnətdarlıq hissi ilə xatırlayıram və fürsətdən istifadə edib hər birinə bir daha öz dərin təşəkkürümü bildirirəm. Sadəcə, məsələlərə peşəkar kontekstdən yanaşsaq belə, Qulu müəllimin AzTV-ni ümumi reytinqlər cədvəlində görmək istəməsi belə o qədər gülüncdü ki, bunu bir media mütəxəssisi olaraq təhlil etmək mümkün deyil. Doğrudan, reytinq yarışmasından, reklam bazarının tutulması uğrunda gedən aşkar və gizli rəqabət savaşından xəbərsizsiniz? Bu rəqabətdə cəmiyyətimizin, gələcəyimizin necə aşılandığı fonunda AzTV-nin, "İdman Azərbaycan"ın, xüsusilə də "Mədəniyyət" kanalının reytinq yarışmasında hansı duruma düşəcəyini elementar riyazi hesablamalarla hesablamisinizmi? Dini və korporativ maraqların tolerantlığını min illər boyu subut etmiş bir cəmiyyətə soxulmağa can atdığı, qohumluq və erkən evliliklərin, genetik xəstəliklərin, qadın və uşaq hüquqlarının fundamental əsaslarının sarsıdılmağa can atıldığı bir dönəmin fərqinə varmırsınızmı? Və bu istiqamətdə AzTV-nin illərdir, gecə-gündüz çalışdığınin fərqindəsinizmi? Əgər özəl telekanallarla rəqabətdən danışırsınızsa, bu telekanallardan AzTV-yə dəvət olunan mütəxəssislərə niyə qısqancliqla yanaşır və bunu AzTV rəhbərinin uğursuzluğu kimi qələmə verirsiniz? Təbii, modernləşdirmək, gəlişdirmək, uyğunlaşdırmaq lazımdır, amma AzTV-nin tarixində sizin də bütün fəaliyyətiniz boyu edə bilmədiyiniz bu qədər inkişaf olubmu? Nə zaman elementar statistikanı qarşınıza qoyub bir mütəxəssis kimi araşdırdınız? Bunu etsəydiniz, əlbəttə, hazirda AzTV-nin "Mədəniyyət" kanalı ilə birlikdə 84 orijinal veriliş və proqram istehsal etdiyini, "İdman Azərbaycan" kanalının 30 adda verilis və idman arenalarından canli reportajlar yayınladığını, Heydər Əliyev Fondunun dəstəyilə 2007-ci ildən AzTV-nin keçirdiyi Muğam telemüsabiqəsi nəticəsində 100-dən artiq gənc xanəndənin professional səhnəyə addım atdığını, müsabiqənin qaliblərinin isə AzTV-nin solistləri kimi fəaliyyət göstərdiklərini, Azərbaycan Prezidentinin təçəbbüsü və dəstəyilə 2015-ci ilin noyabrından 2016-ci ilin martına qədər "Səs Azərbaycan" kimi populyar və iri beynəlxalq layihənin gerçəkləşdirildiyini, "Telefilm" Yaradıcılıq Birliyi 2006-cı ildən 2015-ci ilədək 415 sənədli telefilm çəkdiyini, 13 qeyri-xətti montaj stansiyasının istehsala buraxıldığını, 8 və 10 kameralı müasir avadanlıqla təchiz olunmuş Səyyar Televiziya Stansiyaları (STS) alındığını, Yaponiya, Amerika, Avropa istehsalı olan rəqəmsal avadanlıq qurulmuş STS-lərin iki formatda – standart və HD formatlarında işləyə bildiyini, 2008-ci ildən başlayaraq, "Xəzər", "Bahar", "Qarabağ" və "Teleteatr" studiyalarının əsaslı təmir olunduğunu, bu studiyaların yeni, müasir texnoloji avadanlıqla təmin edildiyini, 2013-cü ilin oktyabrında QSC-nin yeni əlavə korpusunun tikilib təhvil verildiyini, bu korpusda xəbərlər, informasiya proqramları, ictimai-siyasi verilişlər, tok-şoular, intellektual oyunlar üçün 4 muasir studiya və Xəbər otağının varlığını görərdiz. Və peşə vicdanını nəzərə alıb mətbuatda sarkazmsiz, təhqirsiz, soyuq məntiqlə, obyektiv elmi məqalə yazardiniz ki, həmkarlarınız da bunu təhlil edə bilsinlər. Əgər hədəfiniz Arif Alışanovdursa, o zaman nədən buradakı bütün insanlara hədyanlar söyləməkdən usanmırsınız? Bizim video-müraciətlərimizi, guya, müdrikliklə qarşılayıb, az qala ələ salmağınıza nə deyək, altmış yaşlı professor, həmkarımız?

Hörmətli həmkarımız İlhamə Novruzovanın bu linkdə (http://yenilik.az/archives/45866) yazdığı yazıya heç bir şərh vermədən düşünurdüm ki, İlhamə xanım çox dərinlərə gedib, bu qədəri lazım deyildi, amma zaman keçdikcə və hər dəfə məndən yaşca böyük həmkarlarımının sizin davranışlarınızdan xəcalət çəkdiklərini gördükcə, yenə düşünürəm ki, hər bir situasiyaya dəyər verərkən, mütləq adi insan hissləri bütün xırdalıqları ilə nəzərə alınmalıdı. Ki siz də bunu etməliydiniz. Və haqqında danışdığınız və bugün məhkəmə dartışmasında olduğunuz insanın "insan yaramazlığının tükənməz potensiala malik olduğunu göstərdi"yini deyərkən yenə yuxarıda AzTV-də uz-üzə gəldiyim adamı xatırladım. Bir daha sizin kimi "müəllim"lərdən, "ustad"lardan "professor"lardan uzaq olduğuma şükür etdim.Və vaxtilə kiçik, bir neçə kəlməlik informasiyanın o insanın ruhuna toxunmağını öz ruhumun günahına yazdım.

Bəlkə də buna görə, inciməyin, bu yazdığım yazı da mənim deyil, Qulu Məhərrəmlinin və onu kimi düşünənlərin ruhuna uyğun gəldi.