"Mənzil növbəsində olan bütün Milli Qəhrəman ailələrinə növbədənkənar ev veriləcək".
Unikal.org ANS TV-yə istinadən məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Nazir bu məsələ ilə bağlı təklifi Milli Qəhrəman ailələrindən bəzilərinin müraciətini dinlədikdən sonra irəli sürüb və bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinə tapşırıq verib. Nazir bildirib ki, son günlər cəbhədə həlak olanların sosial təminatı tam ödəniləcək.
"İlk öncə Allah şəhidlərimizə rəhmət eləsin. Şəhid olan şəxslərin ailələrində 18 yaşına çatmamış övladları varsa, yaxud da ali təhsil alırsa, 23 yaşına çatana qədər, əlil olan övladları (yaşından asılı olmayaraq), əmək qabiliyyəti olmayan həyat yoldaşları və ata-anası varsa, onlar üçün həmin şəhid olmuş hərbçinin mövcud maaşına uyğun olaraq pensiya müəyyənləşdiriləcək. Bundan başqa bütün şəhid ailələri üçün 220 manat məbləğində Azərbaycan Respublikası prezidentinin təqaüdü veriləcək", - deyə Səlim Müslümov bildirib.