"Azərbaycanda boşanmalara əsas səbəb olan amillər erkən və qanunsuz nikahla ailələrin qurulmasıdır".
Unikal.org xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı Modern.az saytına açıqlamasında belə deyib.
Deputat bildirib ki, boşanmalarda günahkar həm gənclər, həm də onların ailələri olur:
"Boşanmalarda həm gənclərin ailələri və həm də ailə qurmağa hazırlaşan gənclərin özlərinin günahı var. Bu gün dağılan ailələrin çoxu düşünülməmiş qurulan ailələrdir. Əvvəllər ağsaqqal olardı və onlar ailə qurmazdan öncə tövsiyələr verərdilər, ailələr bir-birilərini tanıyardılar. Amma bu gün belə şeylərə çox az rast gəlirik.
İndi evlənəndən sonra deyirlər ki, xasiyyətimiz düz gəlmədi. Bəs evlənənə qədər zamanla bir-birilərini tanımalı idilər axı...".
Aqiyə Naxçıvanlı deyir ki, nikah şöbələrində ictimai qurumlar yaradılmalıdır:
"Bu gün nikah bölmələrində ağsaqqallardan, ağbirçəklərdən və başqa təşkilatların nümayəndələrindən ibarət ictimai qurumlar olmalıdır. Onlar evlənmək və boşanmaq istəyən gənclərə məsləhətlər, tövsiyələr verməlidirlər. Bu gün boşanmaq istəyənlər ərizə verirlər və 1 həftədən sonra onları boşayırlar. Belə olmaz axı... Bu düzgün deyil. Bu məsələ ilə bağlı komitəmizdə mütləq müzakirələr aparılacaq".
"Boşanmalara əsas səbəblərdən biri də sosial şəbəkələr, tanışlıq çatlarıdır. Bir çox gənclərdən soruşursan ki, evlənməzdən öncə bir-birinizi haradan tanıdınız? Deyirlər ki, Facebook- da tanış olduq. Belə də şey olar? Belə evlilik necə olur ki?.. Bu düzgün deyil.
Azərbaycan gənci ailə xeyir-duası, ağsaqqal məsləhəti ilə evlənsə, daha çox şey qazanmış olar"-deyə Aqiyə Naxçıvanlı bildirib.