"Rövnəq müəllim bizə söz verib ki, sığortadan borclarımız ödəniləcək. Mənim cəmi 4 min manat borcum qalıb. Amma yoxdur ki, verim bitsin".
 
Unikal.org xəbər verir ki, bu fikirləri sputnik.az-a 2015-ci il dekabr 4-də Günəşli yatağında baş verən qəza zamanı itkin düşən neftçi Elşad Rəsulovun xanımı Vüsalə Rəsulova deyib. Neftçinin xanımı bildirib ki, banklar borca görə onu  təhqir edir: "Banklara borcum var. Məni təhqir edirlər. Deyirlər, "kredit sənin adınadır. Sən ölməmisən ki, ərin ölüb də". Artıq banklar məhkəməyə müraciət edib. Məhkəmə çağırışları gəlir. Amma bizim imkanımız yoxdur. "Unibank", "Bankof Baku""Kontakt"a borcum var. "Kontakt"dan məni təhqir ediblər. Elə formada danışırlar ki, sanki varımdır, vermirəm. "Unibank"dan gəldilər, üzr istədilər, amma məhkəmə işləri davam edir. Deyirlər yardım almısınız, gətirin borcunuzu verin".

Neftçinin xanımım, onsuz da ailənin çox borc-xərcinin olduğunu bildirir: "Heç nə qalmayıb əlimdə. Rövnəq müəllim bizə söz verib ki, sığortadan borclarımız ödəniləcək. Mənim cəmi 4 min manat borcum qalıb. Amma yoxdur ki, verim bitsin. Əvvəl işləyənim var idi — Elşad var idi. Heç vaxt çətinliyim olmamışdı. Amma indi çox sıxıntıdayam".

Vüsalə xanım hal-hazırda tibb bacısı vəzifəsində çalışır və aldığı əməkhaqqı çox cüzidir. Bu məbləğ onun heç aylıq dolanışığına çatmır.