İşsizlik müavinətlərini almaq daha da asanlaşır. Yeni təkliflər Milli Məclisə göndərilib. Əgər parlament bu dəyişikliyə "hə" desə o zaman köhnə iş yerindən verilən arayışları almağa ehtiyac qalmayacaq.
Unikal.org "Xəzər Xəbər"ə istinadən bildirir ki, Hesablama Palatası İşsizlik müavinəti almaq üçün vətəndaşların köhnə iş yerlərindən əldə edilən arayışların əsas sənəd kimi qəbul edilməməsini təklif edib.
Ekspertlər düşünür ki, əslində müavinət almaq üçün müraciət zamanı 2006-cı ildə yaradılan və vətəndaşların bütün sosial vəziyyəti ilə bağlı məlumatları özündə əks etdirən fərdi uçot sistemi ən qüsursuz mənbə hesab edilməlidir.
Bundan başqa Palata işsizlik müavinəti almaq üçün əmək haqqı ilə bağlı təqdim olunan arayışların dəqiqliyinin yoxlanılmasının heç bir dövlət orqanının səlahiyyətinə daxil edilmədiyinə də diqqət çəkib. Ancaq şəffaflığın təmin edilməsi üçün qurum bu səlahiyyətin müəyyən olunmasını da vacib sayır.
Təkliflər Milli Məclisə təqdim olunub.