"Elə bir ifa tərzi qurmaq istəyirəm ki, bütün millətlərdən olan şəxslər mənim hansı xalqın nümayəndəsi olduğumu bilsinlər".
Bunu Azərbaycanın xalq artisti Bilal Əliyev Unikal.org saytına müsahibəsində deyib. Tanınmış müğənni ilə müsahibəni təqdim edirik:
-Bilal bəy, bu vaxta qədər Sizinlə zarafat edən olubmu? Bunlardan hansı daha yaddaqalan olub Sizinçün?
-Dostlarımla heç vaxt zarafat etmirik. Onlar bilirlər ki, mən elə şeyləri güzgün qəbul etmirəm. Mən insanlara inanıram. Nə isə desələr mən ona inananam insanam. Buna görə də dostlarım hər zaman etikanı gözləyiblər. Hər zaman dostlarım mənə zəng vurub deyiblər ki, aprelin 1-də ehtiyatlı ol səni aldatmasınlar.
-Uzun müddətdir efirlərə çıxmırsız. Nə işə məşğulsuz?
- Öz üzərimdə işləyirəm. İfalarımı başqa formada qurmağı planlaşdırmışam. Hazırda ingilis və rus dillərini öyrənirəm. Dünya arenasına çıxmaq üçün bu addımı atıram. İstəyirəm repertuarımda ingilis rus mahnılarına yer verim. İki ilə yaxındır ki, ingilis dilini öyrənirəm. 5 dəfə İngiltərədə kursda, imtahanda olmuşam. Azəraycanda və İngiltərədə üzərimdə 5 müəllim işləyir. Yaxın günlərdə 6-cı dəfə İngiltərəyə imtahana getməliyəm.
-Müğənnilərdən kimlərlə dostluq edirsiz?
-Mən bütün sənətçilərlə dostluq edirəm. Kim məni özünə dost bilirsə lap yaxşı, kim məni özünə dost bilmirsə öz işidir. Sayanın quluyam, saymayanın ağasıyam.
-Daha çox dövlət tədbirlərində çıxışlar edirsiz. Gələcəkdə deputatlığa namizədliyinizi verməyi düşünmürsünüz?
-Mənim belə bir fikrim yoxdur. Başqa sənət yoldaşlarımdan fərqli olaraq bir yol seçmişəm. Mən yalnız müğənni kimi xalqıma xidmət etməliyəm. Harda təbliğata ehtiyac varsa, harada xalqıma düzgün yol göstərmək lazımdı mən ordayam. İngilis dilini də ona görə öyrənirəm ki, bu dildə də mahnılar oxuyum. Bu istiqamətdə də istedadımı görsünlər. İngilis dilində danışan xalqların nümayəndələri də məni dinləsinlər. Bu da mənim xalqıma bir xeyrim olacaq. Digər millətlər mənim xalqımla, onun musiqisi ilə maraqlanacaqlar. İngiltərədəki kurs öz facebook səhifəsində mənim ifalarımı yerləşdiriblər. Kursda olanda onlar üçün ifa etmişəm. Onlar da bəyəndikləri üçün öz səhifələrində bunu paylaşıblar. Yazıblar ki, biz fəxr edirik Azərbaycanın belə bir sənətkarı bizimlə bir kursda ingilis dili öyrənir.
-Təklif olarsa filmə çəkilib özünüzü aktyor kimi sınayarsınız?
-Aktyor kimi yox. Tarixi kinolarda, sənədli filmlərdə hansısa musiqini ifa etmək təklifi olarsa məmnuniyyətlə qəbul edərəm. Vətənpərvər musiqi ifası daha yaxşı olar.