Aprelin 4-də Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olan Müşviq Orucovun naməlum sevgilisi onun məzarı üstünə məktub qoyub.
Unikal.org axar.az-a istinadən bildirir ki, şəhid məzarını ziyarət edən insanlar qəbir üstə tər güllər, onun yanında isə saqqız və məktub görüblər. Heç kəsin tanımadığı gənc qızın yazdığı və qəbir üstə qoyduğu məktub ziyarətə gələnləri duyğulandırıb.
Məktubda heç vaxt canlı olaraq görüşməyən, sosial şəbəkədən bir-birlərini tanıyan iki gəncin nakam taleyi əks olunub: "Müşü, bax gəlmişəm. Deyirdin, səni görmək istəyirəm. Gəldim. Yadındamı, söz vermişdin ki, nə vaxt görüşsək, saqqız alacaqsan mənə. Sənə almaq qismət olmadı, bax, mən aldım sənə. Darıxıram səninçün. Səsin, gülüşün getmir qulaqlarımdan. Səni heç vaxt unutmayacam! Həmişə gecə yuxusuzluqdan şikayət edərdin. İndi rahat yat, Müşüm. Sənsizlik ağır idi, amma bilirdim ki, yaşayırsan. İndi daha ağır gəlir sənsizlik, indi daha ağırdır... Məkanın cənnət olsun, Müşü. Qəlbimdə əbədi yaşayacaqsan. Tanımadığın tanışın..."