"Azərbaycan xalqının işğal altında olan torpaqlarını azad etmək hüququ var. Bu hüquqdan xalqımız və dövlətimiz lazım gələndə istifadə edəcək".
Unikal.org-un məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının icra katibi, Baş nazirin müavini Əli Əhmədov "Azərbaycan" qəzetinə müsahibəsində deyib.
Ə.Əhmədov deyib ki, aprelin əvvəllərində baş verən döyüşlərdə Azərbaycan Ordusunun qazandığı qələbə bizi çox sevindirir: "Çünki gələcəkdə münaqişənin nizama salınması üçün bütün vasitələr və imkanlar tükənsə və Azərbaycan öz torpaqlarını azad etmək üçün təbii hüququndan istifadə edib güc vasitəsinə əl atmaq məcburiyyətində qalsa, bir neçə gün əvvəl azad edilən strateji mövqelər və yüksəkliklər ordumuza əlavə üstünlüklər verəcək. Bu mənada Azərbaycan Ordusu növbəti uğurlarını qazanması üçün çox mühüm imkanlar əldə edib".
Ə.Əhmədov əlavə edib ki, ötən illərdə Azərbaycan Ordusu ən müasir döyüş texnikaları və silah-sursatlarla təchiz edilib: "Bu illərdə döyüş qabiliyyətinin artırılması üçün bütün qoşun növlərinin iştirakı ilə çoxsaylı hərbi təlimlər keçirilib. Beləliklə də haqlı olaraq Azərbaycanın sözün həqiqi mənasında çox güclü orduya malik olması haqda müxtəlif səviyyələrdə fikirlər səsləndirilir. Bu, bizim subyektiv fikirlərimiz deyil, bütövlükdə beynəlxalq hərbi ekspertlərin gəldiyi rəylərdən ibarət olan qənaətdir. Azərbaycan Ordusu, sözün əsl mənasında güclü və yüksək döyüş qabiliyyətinə malik hərbi gücə çevrilib. Bu ordu torpaqlarımızı işğaldan azad etmək, ərazi bütövlüyümüzü bərpa etmək kimi şərəfli və məsuliyyətli vəzifəni yerinə yetirmək üçün bütün imkanlara malikdir. Biz ötən 22 ildə problemin sülh yolu ilə, dinc vasitələrlə, diplomatik yollarla həll edilməsinə üstünlük vermişik. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca istiqaməti Dağlıq Qarabağ münaqişəsinin qan tökülmədən, dinc vasitələrlə həll edilməsinə nail olmaqdır. Təbii ki, bu xətti yeridərkən ölkəmizin rəhbərliyinin və Azərbaycan cəmiyyətinin prinsipial mövqeyi bundan ibarətdir ki, ərazilərimizin işğal altında saxlanılması və yaxud torpaqlarımızın hansısa bir hissəsinin Azərbaycandan ayrılması aparılan danışıqların predmeti ola bilməz və gələcəkdə də olmayacaq".