Son günlər Azərbaycanda, xüsusən də Bakıda terror təhlükəsinin olduğuna dair məlumatların dolaşması cəmiyyətdə bəzi narahatlıqlar doğurub. Bakı metrosunda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi isə bəzilərində isə hətta qorxu və xof yaradıb.

Unikal.org xəbər verir ki, yaranmış vəziyyətlə əlaqədar məsələni Milli.Az-a şərh edən təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, "Baku Network" ekspert qrupunun rəhbəri, politoloq Elxan Ələsgərov bildirib ki, terror təhlükəsi həmişə hər yerdə var:



"Dünyadakı vəziyyəti təhlil etdikdə görmək olar ki, terror təhlükəsinin əsasən Yaxın Şərqdə olduğunu demək olar. Burada terror təhlükəsi ona görə güclüdür ki, Liviyadan başlayaraq Suriyayadək ağlasızmaz terror aktları törədilib. Cənubi Qafqazda isə vaxtilə Azərbaycan terrorçuların hədəfi olmuşdu. Birinci Qarabağ savaşı vaxtı və ondan bir müddət sonra Ermənistanın xüsusi xidmət orqanları Bakıda metroda, dəmiryolunda, avtobuslarda, yəni xüsusən nəqliyyatda, eləcə də Qarabağda çoxlu terror aktları törədiblər. Ona görə də əlbəttə ki, terror təhlükəsi həmişə hər yerdə var. Ayıq olmaq lazımdır. Azərbaycandan İŞİD-ə qoşulanlar da var. Bəziləri oradan qayıdırlar. Amma dövlət ümumən bütün bunları nəzarətdə saxlayır.



Son zamanlar dövlətin bu nəzarəti gücləndirməsi çox müsbət haldır. Ola bilər ki, bu, metroda kiməsə xırda narahatlıq yaradır, amma bu müsbət haldır, çünki bizim asayişimiz, təhlükəsizliyimiz qorunur. Bu isə daha önəmlidir və çox müsbət hal kimi qiymətləndirilməlidir. Ümumiyyətlə, bizdə Ermənistan və Gürcüstana nisbətən kriminal vəziyyət daha qənaətbəxşdir. Burada hər yerdə istənilən vaxt sərbəst şəkildə gəzmək olar, heç bir narahatlıq da yoxdur".



E.Ələsgərov hesab edir ki, insanlar terrora qarşı təhlkəsizlik tədbirlərinin gücləndirilməsindən xoflanmamalı, əksinə, buna dəstək verməlidirlər: "Sadəcə camaat bir az da ayıq olmalıdır. İnsanlar terror təhlükəsi ilə bağlı daha məlumatlı olmalıdırlar.



Yəni haradasa sahibsiz çanta gördükdə dərhal bu barədə xəbər verməli, rastlaşdıqları naməlum əşyalara əllə müdaxilə etməməli, ümumiyyətlə polisi və ya istənilən obyektin təhlükəsizlik xidmətlərini vaxtında məlumatlandırmalıdırlar. Qonşuluqda və ya digər yerlərdə naməlum şübhəli şəxslər və ya qruplar, eləcə də maşınlar peyda olduqda müvafiq orqanlara xəbər versinlər. Bu təkcə Bakıya yox, rayonlara da aiddir. Burada ayıb olan heç nə yoxdur. Çünki vaxtında xəbər verilməsə, bu elə onların özlərinin və ya yaxınlarının həyatı bahasına başa gələ bilər. Bu, Avropada və bütün dünyada qəbul olunan şeydir. Bir az ayıq olmaq lazımdır. Bəzi səfeh adamlar və ya yetkinlik yaşına çatmayan uşaqlar zəng edib müəyyən yerdə guya bomba qoyulmasına dair "zarafat" edirlər. Belə şeylər qətiyyən qəbuledilməzdir. Çünki dövlət orqanlarını yanlış yola yönəldir".



Təhlükənin haradan gəlməsi ilə bağlı ehtimalını da açıqlayan ekspertin fikrincə, biz işimizi ehtyatlı tutmalıyıq ki, sonra faciələrlə üzləşməyək: "Terror aktları adətən terror təşkilatları vasitəsilə həyata keçirilir. Həmin təşkilatlar da bəllidir. Bunlar, məsələn, Türkiyədə PKK, Suriyada İŞİD və başqa qruplardır. Biz isə erməni terror təşkilatlarının hədəfində ola bilərik. Lakin bizdə vaxtilə "Meşə qardaşları" və İŞİD-ə qoşulanlar da tutulublar. Onların başqa dövlətlərdə olan silahdaşları, onları dəstəkləyən camaatlar tərəfindən müəyyən hədələr gəlib. Terror belə bir şeydir ki, əlbəttə ki, həyata keçirmək istəyənlər onu gizli hazırlayırlar. Onlar bu barədə nə mətbuata, nə də polisə xəbər verir. Ona görə biz təhlükələrin haradan gəldiyini bilməli və öz hesabımızı əvvəlcədən aparmalıyıq.
 

Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları aşağıdakı resurslardan da əldə etmək mümkündür: