Qarabağda aprelin əvvəllərində gedən 4 günlük müharibə beynəlxalq medianın əsas təhlil mövzularından biri olaraq qalır. Virtualaz.org xəbər verir ki, bir çox təhlilçilər bu hərbi əməliyyatlara Türkiyə-Rusiya qarşıdurması kontekstində baxmağın tərəfdarıdır.

"The Huffington Post" (Fransa) nəşrinin məqaləsində də münaqişənin alovlanması məhz bu kontekstdə nəzərdən keçirilir.

Məqalədə deyilir ki, Suriya sərhədində Su-24 təyyarəsinin vurulmasından sonra Ankara ilə Moskva arasında yaranan ciddi gərginlikdən sonra hamı Türkiyə ilə Rusiyanın Qarabağ münaqişəsi zonasında üz-üzə gələcəyini gözləyir. Nəşr yazır ki, Türkiyə ilə Rusiya arasında gərginliyin artması Ermənistanla Azərbaycan arasında da gərginliyin artmasına təkan verib. Hansı ki, Qarabağ münaqişəsi ətrafında vəziyyət onsuz da gərgin idi, hər il təmas xəttində toqquşmalar olurdu.

"The Huffingtn Post" qeyd edir ki, münaqişə ətrafındakı indiki hərbi status-kvo erməni tərəfinə sərf edir. Çünki Ermənistan və erməni diasporu Dağlıq Qarabağı müstəqilliyinin tanınmasına nail olmağa çalışır. Nəşr yazır ki, hərbi qüvvələr nisbəti artıq Azərbaycanın xeyrinə dəyişib. Azərbaycan hazırda həm d ciddi demoqrafik üstünlüyə malikdir, eyni zamanda enerji resurslarından istifadə edərək ordusunu modern silahlarla təchiz edir. Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən çoxdur.

"1994-cü ildə əldə edilmiş atəşkəsdən sonra tərəflər arasında ən qanlı döyüşlərlə müşaiyət olunan son hərbi əməliyyatlara aparıb çıxaran səbəblərin bəziləri bunlardır. Məlum olduğu kimi münaqişə ərazi mübahisələrindən kənara çıxır, çünki Qafqaz regionunda tarixən bir-biri ilə rəqabət aparmış Rusiya və Türkiyə arasında gərginliyi daha da kəskinləşdirir"-nəşr yazır.

Müəllif hesab edir ki, Rusiya hər iki tərəfi silahla təchiz edir və indiki vəziyyətdə barışdırıcı kartını işə salıb münaqişənin davamının bütün Cənubi Qafqazda tarazlığı pozmasına imkan verməyəcək. Ermənistan KTMT çərçivəsində Rusiyanın təhlükəsizlik çətiri altında olsa da Kreml Bakı ilə münasibətlərdə də balanslı yanaşma nümayiş etdirir. "Belə şərtlər altında Moskva özünü iki  tərəf arasında vasitəçi kimi təqdim edir. Və o, Rusiya sülhməramlı qüvvələrinin regionda yerləşdirilməsini də təklif edə bilər. Əgər belə olsa bu, Ankaranın narazılığını tamamilə yeni səviyyəyə çıxarardı"-məqalədə deyilir.

Nəşr qeyd edir ki, Azərbaycanın Türkiyə ilə gözəl münasibətləri heç də Rusiyanın ürəyincə deyil. Əgər Rusiya Bakı ilə münasibətləri korlasa bu, Azərbaycan, Gürcüstan və Türkiyə ittifaqının möhkəmlənməsinə təkan verəcək. Bu isə Rusiyanın Ermənistan və İranla alyans layihəsinə zidd olardı.

Məqalədə deyilir ki, əgər Türkiyə Rusiya ilə Qafqazda üz-üzə gəlməli olsa NATO-dakı müttəfiqlərinin ona dəstək verəcəyi ehtimalı azdır. Çünki bu situasiya NATO Nizamnaməsinin 5-ci maddəsinin tətbiqi şərtlərinə uyğun gəlmir. Deməli belə vəziyyətdə münaqişənin həllinin axtarılması yükü Minsk Qrupunun üzərinə düşür.

Virtualaz.org