Dələduzluqda təqsirləndirilərək həbs olunan tanınmış aparıcı İlham Mirzəyevin səhhətində yenidən problemlər yaranıb.
Unikal.org Trend-ə istinadən məlumatına görə, İ.Mirzəyev saxlanıldığı 17 saylı cəzaçəkmə müəssisəsində səhhətində ciddi problemlər olduğundan Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülüb. Aparıcı hazırda adıçəkilən müalicə müəssisəsində həkim nəzarətində saxlanılır.
Qeyd edək ki, bir müddət əvvəl İ.Mirzəyevin səhhətində ciddi problemlər yaranıb. Nəticədə aparıcı yeriməyə çətinlik çəkib, köməksiz hərəkət edə bilmirdi. Həkimlərin müayinə və müalicəsindən sonra İ.Mirzəyevin səhhətində qismən irəliləyiş olsa da, səhhətindəki problemlər qalmaqdadır. Bir neçə gün öncə isə İ.Mirzəyevin səhhətində yenidən problemlər yaranıb.
Xatırladaq ki, İ.Mirzəyev 2014-cü il aprelin 11-də dələduzluq ittihamı ilə həbs olunub. İttihama əsasən, aparıcı direktoru olduğu "İlhamed" tibb mərkəzində Aynur Əhmədova adlı vətəndaşa cadugərlik yolu ilə yalan vədlər verərək, onun 3000 avro pulunu mənimsəyib. Lakin İ.Mirzəyev ittihamı rədd edir və deyilənlərin yalan olduğunu bildirir.
Nərimanov rayon məhkəməsi İ.Mirzəyevin 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Sonra Bakı Apelyasiya Məhkəməsi onun barəsində olan hökmü dəyişib və cəzanın müddəti 3 il 6 aya endirilib.