Yazda insanlar daha çox üz dərisinin quruması və ləkələrdən şikayət edilər. Bu problem nədən yaranır və ondan necə qurtulmaq olar? Unikal.org lent.az-a istinadən bildirir ki, həkim-kosmetoloq Günay Mikayılova  bunun qışın fəsadı olduğunu deyir: "Biz yaşadığımız regionu nəzərə alaraq artıq fevralın sonlarından günəşdən qoruyan kremdən istifadə etməliyik. Amma bəzən xanımlar aprel ayı gəlir, amma hələ də günəşdən qoruyan kremdən istifadə etmirlər. Deyirlər ki, yayda istifadə edərik. Lakin nəzərə almaq lazımdır ki, dərinin ən həssas dövrü fevraldan aprelədək olan vaxtdır. Qışdan çıxan həssas dəri günəşə qarşı ac olur, biz isə birdən-birə günəşə çıxırıq və üzə ləkələr düşməyə başlayır. Müalicəsi əziyyətli olan ən pis hal ləkədir. Ləkə kosmetologiyanın ən çətin sahəsidir. Ona görə də profilaktika ən yaxşı müalicədir. Elə etmək lazımdır ki, o ləkə düşməsin. Düşəndən sonra müalicəsi bir az uzun çəkə bilər". 

Yazda üzə qulluq

Bir çox şanslı insanların üz dərilərində heç bir problem olmur. Əlbəttə ki, bu həmin insanların səyləri, özlərinə diqqəti, dərilərinə qayğılarının nəticəsidir. Sözsüz ki, bu qayğını davam etdirmək vacibdir. Kosmetoloq sadəcə dərilərinə qulluq etmək istəyənlərə də məsləhətlərini əsirgəmədi: "Ev şəraitində evdə istifadə etdiyiniz istənilən qidanı qulluq vasitəsinə çevrilə bilərsiniz. Amma bir məqama diqqət etmək vacibdir. Məsələn, aprel ayında hələ pomidor yetişmir, yəni hələ təbiətdə bu tərəvəz olmur. Lakin bazar, marketdən alıb yeyirik. Təbii ki, bizim bu vaxt yediyimiz pomidor və başqa tərəvəzlər süni yetişdirilir. Bu cür dərmanlı meyvə-tərəvəzləri üz üçün istifadə etmək olmaz. Hansı mövsümdə hansı bitki, meyvə-tərəvəz təbii olaraq təbiət tərəfindən yetişirsə, ondan istifadə etmək və üzə maska etmək olar. İnternetdə bu cür maska reseptləri çoxdur. Əsas odur ki, heç olmasa bir dəfə həkim və ya kosmetoloq qəbuluna gedəsiniz və dərinizin tipini təyin etdirəsiniz. Çünki hər dərinin bir xüsusiyyəti var. Həssas, quru, normal, kombinə olunmuş, yağlı, quru-yağlı və tam yağlı dəri növü var, yəni dərilərin quru sebariya və yağlı sebariya növləri mövcuddur. Hər bir dərinin də özünə xas qulluq vasitələri və üsulları, buna uyğun maskaları var".

Ən yaxşı qulluq vasitələri - meyvə, tərəvəz və bol su

Sözsüz ki, dərinin sağlamlığı qidalanmamızdan başlayır. Sağlam qidalanmaq sağlam dəriyə sahib olmaq deməkdir. Odur ki, təbiətin bəxş etdiyi bütün nemətlərlə qidalanmaq lazımdır. Bunların arasında isə meyvə-tərəvəz yemək və bol su içmək vacibdir. Su həyat tərzimizin ayrılmaz bir hissəsinə çevrilməlidir. Bütün fəsillərdə su içmək vacibdir. Xüsusən də yaz və yayda. Bir daha xatırladaq ki, qışda 2 litr, yaya doğru getdikcə 3 litr və daha çox su içmək lazımdır. Çünki yay fəslində dəri tərləyir və bədən su balansını xərcləyir.

G. Mikayılova bildirir ki, bol su içməyin bir çox xeyri var: "Nə qədər çox su içsəniz, bir o qədər xeyirlidir. Çox zaman xanımlara bol su içmək təyin edəndə köpdən şikayət edirlər. Bundan qorxmayın. Bu, təbiidir. Su ilə müalicənin ilk mərhələsində şişkinlik olur. Sonra yavaş-yavaş tənzimlənir. Sudan qorxmaq lazım deyil".

Milli.Az