Ermənistan mediasında cəbhə xəttində baş verən toqquşmalardan sonra döyüş meydanında qalan əsgərlərin meyidlərinin mübadiləsinin videosu yayılıb. Unikal.org anspress-ə istinadən verdiyi məlumata görə, video 6 aprel tarixinə aiddir.
Xəbərdə bildirilir ki, əsgərlərin meyidlərinin mübadiləsi Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinin iştirakı ilə həyata keçirilir.
Azərbaycan – Ermənistan təmas xəttində aprelin 2-də başlayan gərginlik 5-nə qədər davam etdi. Aprelin 5-də əldə edilən qarşılıqlı atəşkəsdən sonra döyüş meydanında qalan əsgərlərin götürülməsi prosesi başlayıb.
Bu günə kimi "hamının-hamıya" prinsipi əsas götürülərək beynəlxalq vasitəçilərin iştirakı ilə qarşı tərəfə 18 erməni hərbi qulluqçusunun meyiti təhvil verilib.
Ermənistanın təxribatına qarşı həyata keçirilən cavab tədbirləri nəticəsində Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.