Azərbaycan müsəlman ölkəsi olaraq dövlət-din münasibətləri baxımından nümunə olacaq bir ölkədir.
Unikal.org xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı hakim partiyanın rəsmi saytına müsahibəsində deyib.

M.Qurbanlı bildirib ki, bu gün Azərbaycan tolerantlıq məkanı kimi dünya dövlətləri tərəfindən qəbul olunur: "Ölkəmizə gələn xarici qonaqlar Azərbaycanın bu sahədə çox böyük nəticələr əldə etdiyini qeyd edirlər. Bir məsələni də xüsusi vurğulamaq istəyirəm ki, ölkəmizin sosial-iqtisadi sahədə əldə etdiyi yüksək göstəricilər dövlətin digər sahələrdəki uğurları ilə də səsləşməlidir".

Komitə sədri vurğulayıb ki, Azərbaycan dünyəvi dövlətdir və müstəqilliyinin dönməzliyini tam təmin edib: "Ancaq milli-mənəvi sahədə xalqımız yeni mərhələyə qədəm qoyur. Yəni biz zamanında siyasi-iqtisadi sahədə sovet totalitar sisteminin qalıqlarını ləğv etməklə bərabər, həmin dövrdən milli-mənəvi dəyərlərimizə hopmuş olan bir sıra zərərli adətləri də aradan qaldırmalıyıq. Ona görə də bu proseslər paralel getməlidir. Milli-mənəvi dəyərlər sistemində müəyyən dəyişikliklərə zərurət yaranıb".

M.Qurbanlı bildirib ki, dövlət-din münasibətləri dedikdə, biz ilk növbədə Azərbaycanda dini dəyərlərə dövlətin diqqət və qayğısını göz önünə gətiririk: "Bu gün ölkədə 2050-dən çox məscid fəaliyyət göstərir. Eyni zamanda xristian kilsələri, yəhudi sinaqoqları, digər dinlərin ibadət yerləri də açıq şəkildə fəaliyyət göstərir. Bu gün Azərbaycanda dini zəmində hər hansı qarşıdurma ehtimalı yoxdur. Prezidentimiz cənab İlham Əliyev çıxışlarında bu məsələni xüsusilə vurğulayıb. Ümumiyyətlə, Azərbaycan dövlət-din münasibətləri baxımından sözün həqiqi mənasında nümunə olacaq ölkədir".