Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir.

Unikal.org-un məlumatına görə, yığmamızın liderlərindən Rüstəm Orucov (73 kq) yarışa 1/32 finaldan başlayıb. Olimpiya mükafatçımız bu mərhələdə Akil Qyakova (Kosova) ilə üz-üzə gəlib. Orucov rəqibini ipponla məğlub edib. O, ikinci görüşündə Pyer Dupratla güləşib və yenə qələbə qazanan tərəf olub. Rüstəm üçüncü görüşünü Behruzi Xocazodaya (Tacikistan) qarşı keçirib. Təmsilçimiz əlavə vaxtda rəqibini üstələyib. O, yarımfinala gedən yolda çinli Saiyinjiriqala ilə münasibətinə aydınlıq gətirib. Cüdoçumuz ipponla qalib gəlib.

Orucov yarımfinalda koreyalı Çanqrim Anla qarşılaşıb. Bu döyüş həmyerlimiz üçün çox asan alınıb. Olimpiya mükafatçımız rəqibini cəmi 31 saniyəyə məğlub edib. Rüstəm finalda komanda yoldaşı Hidayət Heydərova qalib gələn Soiçi Haşimoto (Yaponiya) ilə üz-üzə gəlib. Yapon idmançı bu dəfə də təmsilçimizdən güclü olduğunu göstərib. Orucov "qızıl xal"la uduzaraq gümüş medalla kifayətlənməli olub.