Şimali Koreya hidrogen bombasının sınaqlarının uğurla başa çatdığını bəyan edib.

Unikal.org Reuters-ə istinadən bildirir ki, bu barədə Şimali Koreya Mərkəzi Televiziyasının efirində açıqlama verilib.

Sınaq Şimali Koreyanın şimal-qərbindəki Punqqeyeri poliqonunda reallaşdırılıb.

Hidrogen bombalı başlıq qitələrarası ballistik raketlərin təchiz edilməsi üçün nəzərdə tutulub. Sınaq zamanı radioaktiv sızmalar olmayıb.

Sentyabrın 3-də Şimali Koreya lideri Kim Çen In Nüvə Tədqiqatları İnstitutunda olarkən ona hidrogen döyüş başlığı təqdim olunmuşdu. Döyüş başlığının gücünün yüzlərlə kiloton olduğu, bütün komponentləri ölkə ərazisində istehsal olunduğu deyilmişdi.

Şimali Koreya ərazisində 6,3 maqnitudlu zəlzələ qeydə alınıb. Cənubi Koreya hesab edir ki, bu, hidrogen bombasının sınağı ilə bağlıdır.

Cənubi Koreya prezidenti Mun Çje İn təcili olaraq Milli Təhlükəsizlik Şurasının toplantısını çağırıb. Ölkə ordusu döyüş hazırlığı səviyyəsini artırıb.

Yaponiyanın XİN başçısı Taro Kana isə hidrogen bombasının sınağını "tamamilə yolveriliməz və bağışlanmaz" sayaraq rəsmi Pxenyana qətiyyətlə etiraz edib.