ATƏT-in Azərbaycan ilə əməkdaşlığa böyük önəm verdiyini deyən Kristin Muttonen qurumun Azərbaycandakı nümayəndəsinin bu əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəmədiyini vurğulayıb, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin də çox fəal işlədiyini, mühüm təşəbbüslər və qətnamələr irəli sürdüyünü qeyd edib. ATƏT Parlament Assambleyasının sədri vəzifəsində Azərbaycana ilk dəfədir ki, səfər etdiyini deyən qonaq Prezident İlham Əliyevin təhsil müəssisələrinə göstərdiyi diqqətə toxunaraq məktəb və təhsillə bağlı məsələlərin ölkə üçün ən vacib məsələlər sırasında olduğunu qeyd edib, ölkəmizdə bu istiqamətdə çox işlərin görülməsinin, o cümlədən yeni məktəblərin tikilməsinin önəmini vurğulayıb.

Azərbaycanda son vaxtlarda irəli sürülən təşəbbüslər və həyata keçirilən layihələr barədə danışan Prezident İlham Əliyev bunun, eyni zamanda, beynəlxalq əməkdaşlığa da töhfə verdiyini qeyd edib. Dövlət başçısı ölkəmizin artıq multikulturalizm və mədəniyyətlərarası dialoq sahəsində bir mərkəzə çevrildiyini vurğulayaraq Azərbaycanda vaxtaşırı olaraq müxtəlif beynəlxalq təşkilatların iştirakı ilə böyük tədbirlərin keçirildiyini bildirib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə toxunan Prezident İlham Əliyev Azərbaycanın bu münaqişənin sülh və danışıqlar yolu ilə ədalətli həlli istiqamətində səylərini əsirgəmədiyini, Ermənistan tərəfinin isə danışıqlar prosesinin uzadılmasında maraqlı olduğunu deyib.

Dövlət başçısı təhsil məsələlərindən danışaraq bunun uşaqlar və gənclərin inkişafı üçün mühüm amil olduğunu deyib. Hər yeni dərs ili ərəfəsində Bakı şəhərində yeni tikilmiş və ya əsaslı təmir edilmiş məktəblərlə yaxından tanış olduğunu deyən Prezident İlham Əliyev Azərbaycanda təhsilin keyfiyyətinin də getdikcə artığını, bu sahənin ölkəmizin prioritetləri sırasında yer aldığını vurğulayıb, müstəqillik illəri ərzində respublikada əhalinin savadlılığını 100 faizə yaxın səviyyədə saxlamağa nail olduğumuzu məmnunluqla qeyd edib.

Azərbaycan Prezidenti ATƏT Parlament Assambleyasının sədri xanım Kristin Muttonenin ölkəmizə səfərinin uğurlu və səmərəli olacağına əminliyini ifadə edib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən danışıqlar prosesinin indiki vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

10:29

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də ATƏT Parlament Assambleyasının sədri xanım Kristin Muttoneni qəbul edib.

Unikal.org-un məlumatınagörə, bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.