Bolqarıstan Milli Elmlər Akademiyasının professorları Dimitar Dimitrov, Valery Panevsi, Bolqarıstan Hərbi Dəniz Akademiyasının professorları Valentin Vasilyev, İlyan İleyev və Azərbaycan Milli Müdafiə Universitetindən polkovniklər Ramil Axundov, Elnur Məmmədov Bakı Mühəndislik Universitetində (BMU) qonaq olublar.
"Unikal" xəbər verir ki, rektor Yaqub Piriyev qonaqları səmimi salamlayaraq onları universitetdə görməkdən məmnunluğunu bildirib. Görüş zamanı rektor BMU-nun tarixi, təhsil proqramları, texnoloji ixtisasları, beynəlxalq əməkdaşlıq istiqamətləri və həyata keçirilən elmi layihələr barədə məlumat verib.
Görüşdə, eyni zamanda Bolqarıstan Milli Elmlər Akademiyası, Hərbi Dəniz Akademiyası, Azərbaycan Milli Müdafiə Universiteti və BMU əməkdaşları tərəfindən NATO-nun Sülh və Təhlükəsizlik Naminə Elm (Science for Peace and Security (SPS)) proqramı çərçivəsində yerinə yetirilən layihə barədə müzakirələr aparılıb. Həmçinin Bolqarıstanın bu qurumları ilə BMU-nun gələcəkdə təhsil və elmi araşdırmalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Əməkdaşlığın təhsil, tədqiqat layihələri, mübadilə proqramlarının icrası, elmi və müdafiə sahəsində araşdırmaların ortaya qoyulması baxımından faydalı olacağı qeyd edilib.
Bolqarıstan nümayəndələri BMU-nun müasir təhsil infrastrukturu, beynəlxalq əlaqələri barədə müsbət fikirlərini bölüşüb, gələcək əməkdaşlığa maraqlarını ifadə ediblər.
Sonda qonaqlar BMU-nun elmi və tədris-metodiki laboratoriyaları ilə tanış olublar.