Prezident İlham Əliyev Çin Xalq Respublikasının Taypey şəhərində keçirilən Tələbələrin XXIX Ümumdünya Yay Universiadasında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org-un məlumatına görə, sərəncamla Çin Xalq Respublikasının Taypey şəhərində keçirilən Tələbələrin XXIX Ümumdünya Yay Universiadasında yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:

birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat;

ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat;

üçüncü yeri tutan hər bir idmançıya 20 min manat, onun məşqçisinə 10 min manat;

komandanın baş məşqçisinə idman növü üzrə ən yüksək nailiyyət göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə).
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.