Azərbaycanın bir sıra siyasi partiyaları Türkiyə prezidentinə müraciət ediblər
11:24 26-07-2012
CƏMİYYƏT
Azərbaycanın bir sıra siyasi partiyaları Türkiyə prezidentinə müraciət ediblər
Azərbaycanın bir qrup siyasi partiyası vəkil İntiqam Əliyevə qarşı Türkiyədə baş verən hadisə ilə bağlı bu ölkənin prezidenti Abdullah Gülə müraciət ünvanlayıb.
Məlumata görə, müraciəti Xalq Cəbhəsi, Müsavat, Demokrat, Milli İstiqlal, Liberal, Klassik Xalq Cəbhəsi və Ümid partiyaları imzalayıb.
Müraciətdə dövlət başçısının nəzərinə çatdırılıb ki, Azərbaycanın tanınmış hüquqşünaslarından biri İntiqam Əliyevin hüquqları Türkiyədə pozulub. Məktubda qeyd olunub ki, 6 iyul 2011-ci ildə vətəndaş cəmiyyəti təmsilçilərinin toplantısından qayıdarkən İstanbuldakı hava limanında polis məmurunun kobud davranışına etiraz etdiyinə görə, İntiqam Əliyevin təyyarə bileti ləğv olunub, özü isə aeroportda polis saxlama mərkəzində 1 sutka saxlanıldıqdan sonra Türkiyədən deportasiya edilib. Vəkil həmin gün hava limanında çoxsaylı insanın gözü qarşısında Alaittin Sarıkaya və Selahittin Erkaraca adlı mülki geyimli polis məmurları tərəfindən fiziki zorakılığa məruz qalıb.
Müraciətdə bildirilib ki, İ. Əliyevə qarşı baş verən bu zorakılıq Azərbaycanın demokratik düşərgəsində ciddi narazılıq yaradıb: "Bu yaxınlarda hüquqşünasa göndərilən sənədlərdən aydın olub ki, günahkarlar nəinki cəzalandırılmayıb, əksinə, İntiqam Əliyev barəsində cinayət işi başlanıb və ona qarşı Türkiyə Cəza Qanununun hədə-qorxu gəlmə, təhqir və dövlət məmurunun öz vəzifəsini icra etməsinə maneçilik törətmə ittihamı irəli sürülüb. Bu ittihamlarla hüquqşünası 6 aydan 3 ilə qədər həbs cəzası gözləyir".
Məktubda partiya rəhbərləri Türkiyə prezidentinin bu işi nəzarətdə saxlayacağına ümidvar olduqlarını da bildiriblər.
Vəkil İntiqam Məmədov bizimlə söhbətində bildirdi ki, "Məlum hadisələr nəticəsində Türkiyədən deportasiya edildiyim üçün barəmdə aparılacaq məhkıəmə prosesində iştirak edə bilməyəcəyəm. Lakin mənim məhkəməm avqustun 6-da Bakıda başlanacaq və mən orada ifadə verəcəyəm. Sonra isə həmin ifadə Türkiyəyə göndəriləcək və mənim iştirakım olmadan mühakimə ediləcəyəm. Vəziyyət elə bir həddə gəlib çatıb ki, artıq mən hər şey gözləyirəm".
Müstəqil hüquqşünas Qurban Məmmədovun sözlərinə görə, "Türkiyədə İntiqam Əliyev yox, Azərbaycan hüquqşünaslığının vicdanı mühakimə olunacaq. Çünki dərin hörmət bəslədiyim İntiqam Əliyev son 20-25 ildə özünü vicdanlı əməyi və namuslu işi ilə Azərbaycanın təmiz hüquqşünasları üçün bir qürur və iftixar mənbəyinə çevrilib. Onu müdafiə eləmək hamımızın borcudur".
Qurban Məmmədov bildirdi ki, "Azərbaycanda peşəkar və namuslu hüquqşünaslr nəslinin yetişməsində İntiqam Əliyevin müstəsna xidmətləri var. Onu mühaklimə etmək bizi mühakimə etmək deməkdir".
Vəkil sözünün sonunda onu da bildirdi ki, "İntiqam Əliyevlə bağlı Türkiyədə həmin məlum hadisə baş verəndən dərhal sonra biz onu müdafiə etmək üçün komitə yaratdıq və Türkiyənin müvafiq qurumlarına müraciətlər də göndərdik. Mənə elə gəlir ki, həmin insidentdə böyük bir anlaşılmazlıq var və İntiqam Əliyev bu prosesdən üzüağ çıxacaq. Amma hərdən düşünürəm ki, bəlkə, Azərbaycandan kiminsə və yaxud kimlərinsə bu məsələdə barmağı var. Vəziyyət bu cür olsa, durum bir qədər mürəkkəbləşəcək".
İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudovun dediyinə görə, "İntiqam Əliyev Azərbaycanın hüquq mühitində böyük çəkisi və nüfuzu olan bir insandır. Və hamının mübahisəsiz şəkildə qəbul etdiyi, fikirlərinə dərin hörrmətlə yanaşdığı bir hüquqşünasdır. Mənə elə gəlir ki, burada nə isə bir oyun qurulub. Ona görə də hamımız onu ciddi şəkildə müdafiə etməliyik və Azərbaycandan Türkiyəyə göndərilən müraciətlərin sayı çoxalmalıdır".
Elçin Behbudovun sözlərinə görə, "Türkiyə dövləti həm Yaxın Şərq regionunda, həm də Avropada özünün demokratik institutları və demokratik dəyərlərə dərin sayğısı ilə ciddi nüfuz qazanmaqdadır. Amma İntiqam Əliyevin məsələsində qəribə anlaşılmazlıqlıar baş verməkdədir. İlk anlaşılmazlıq oaradan başlayıb ki, İntiqam müəllim kimi ziyalı və yüksək səviyyəli bir hüquqşünasla türk polisləri arasında xoşagəlməz bir anlaşılmazlıq üz verib və nəticədə onu Türkiyədən deportasiya ediblər. İndi isə məlumatlar yayılmağa başlayıb ki, deportasiya edildiyi üçün onun iştirakı olmadan Türkiyədə mühakimə ediləcək. Bax, bu məqamda Türkiyəni demokratik bir dövlət olmasına qarşı məndə şübhələr baş qaldırır. Necə ola bilər ki, insanı ölkədən çıxardırsan və sonar da başlayırsan qiyabi şəkildə onu mühakimə etməyə. Bu, heç bir əndazəyə sığmır. Xüsusən də demokratikləşmə yolunda ciddi nailiyyətlər əldə etmiş Türkiyə kimi qardaş bir dövlətin imicinə heç uyğun gəlmir".
Natiq
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10