Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil cihazların satışı ilə məşğul olan fiziki və hüquqi şəxslərə xəbərdarlıq edib.
Unikal.org xəbər verir ki, nazirliyin xəbərdarlığında bildirilir ki, satış məntəqələrində yalnız sertifikatlaşdırılmış və "IMEI" nömrələri qeydiyyata alınmış mobil cihazların satışı təşkil olunmalıdır. Satış məntəqələrində olan bütün mobil cihazların "IMEI" nömrələrinin qeydiyyatı həmin cihazları satan fiziki və hüquqi şəxslər tərəfindən həyata keçirilməlidir.
İstehlakçıların hüquqlarının qorunması məqsədilə aidiyyəti qurumlarla birgə satış məntəqələrində olan mobil cihazların sertifikatla təmin olunub-olunmaması, eyni zamanda onların "IMEI" nömrələrinin qeydiyyatda olması yoxlanılacaq, sertifikatsız, həmçinin "IMEI" nömrələrini qeydiyyata almadan mobil cihazların satışını təşkil edən fiziki və hüquqi şəxslərə qarşı Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinə uyğun tədbirlər görüləcək.
Alıcılara mobil cihaz alan zaman "IMEI" nömrəsinin qeydiyyatda olmasını www.imei.az, www.e-gov.az saytlarına daxil olmaqla, "IMEI" nömrəsini yazaraq "1677" qısa nömrəsinə SMS göndərməklə və ya "1677" məlumat mərkəzinə zəng etməklə yoxlamaları tövsiyə olunur.
Mobil telefon cihazından *#06# yığmaqla həmin cihazın "IMEI" nömrəsini müəyyən etmək olar.