Azərbaycanlı jurnalistlərin sənədləri İran XİN-dədir
Azərbaycanlı jurnalistlərin sənədləri İran XİN-dədir

İranın Azərbaycandakı səfirliyi nazirlikdən gələcək cavabı gözləyir

İrana səfərə getmək istəyən azərbaycanlı jurnalistlərin iyulun 13-də doldurduqları "mətbuat vizasının rəsmiləşdirilməsinə dair forma"lar İranın Azərbaycandakı səfirliyində tərcümə edilərək İran Xarici İşlər Nazirliyinə göndərilib.
İranın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, hazırda səfirlik İran Xarici İşlər Nazirliyindən gələcək cavabı gözləyir.
Qeyd edək ki, Azərbaycan jurnalistləri İranda həbs olunan azərbaycanlı gənc şairlər Fərid Hüseyn və Şəhriyar Del Gerani (Hacızadə) barədə ətraflı məlumat almaq üçün İrana getmək niyyətindədirlər. Bu təşəbbüsü Lent.az irəli sürüb. Lent.az-dan Səbuhi Məmmədli, APA-dan Ramil Məmmədli, "Salamnews"dan Fərdin İsazadə, "Yeni Müsavat"dan Fərahim İlqaroğlu, "Mərkəz.az" saytından Mahir Məmmədov, habelə müstəqil jurnalist Cəmil Məmmədlidən ibarət jurnalist heyəti İrana getmək üçün səfirliyə müraciət edib. "İnsan Haqları Uğrunda" İctimai Birliyin sədri, jurnalist Eynulla Fətullayev də bu təşəbbüsə qoşulub.
Xatırladaq ki, bu il aprelin 29-da poeziya festivalında iştirak üçün xüsusi dəvət əsasında İran İslam Respublikasına səfər edən Fərid Hüseyn və Şəhriyar Del Geraninin (Hacızadə) bu ölkədə həbs olunublar. Hadisədən 3 aya yaxın vaxt keçməsinə, Azərbaycan Xarici İşlər Nazirliyinin İran tərəfinə verdiyi rəsmi notalara, Azərbaycanın Tehrandakı səfirliyinin, Təbrizdəki konsulluğunun gərgin çalışmalarına, Azərbaycan ictimaiyyətinin müxtəlif nümayəndələrinin müraciətlərinə, həbs olunan gənclərin valideynlərinin xahişlərinə baxmayaraq, İran rəsmi qurumları bu müddət ərzində Azərbaycan tərəfinə konkret məlumat verməyib. Bu yaxınlarda isə bir diplomatımızın onlarla görüşünün təşkil olunacağı açıqlanıb.