Xəbər verir ki, bu gün yağı düşmənlə haqlı savaşda canını qurban verən daha bir şəhidimiz-igidimiz torpağa tapşırıldı.
Cəbhə xəttində gedən son döyüşlərdə şəhid olan Sumqayıt şəhər 4-cü mikrorayon sakini 1987-cı il təvəllüdlü kiçik gizir Baxışov Seymur Qulamhüseyn oğlu Sumqayıtdakı Şəhidlər Xiyabanında dəfn edildi.
Mərasimdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Müdafiə Nazirliyinin rəsmiləri, millət vəkilləri, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri və yüzlərlə şəhər sakini iştirak edib.
Şəhidin cənazəsi vaxtilə yaşadığı binanın qarşısından fəxri qarovulun və izdihamın müşayiəti ilə Sumqayıt şəhərinin Şəhidlər xiyabanına aparılıb. Orada yaylım atəşi altında son mənzilə yola salınıb. Tabut üzərinə örtülmüş Dövlət Bayrağı əbədi xatirə olaraq şəhidin ailəsinə təqdim edilib.
S. Baxışov aprelin əvvəlində keçirilən son döyüşlərdə şəhid olub. Onun meyiti aprelin 19-da təmas xəttindən götürülüb.
Qeyd edək ki, Seymur Baxışov 1987-ci ildə Sumqayıt şəhərində anadan olub. O, 1994-2003-cü illərdə Sumqayıt şəhər 14 saylı məktəbin rus bölməsində təhsil alıb. 2004-2005-ci illərdə isə "Təfəkkür" liseyində oxuyaraq orta təhsilini başa vurub. Şəhid Sumqayıt şəhəri 4-cü mikrorayon, 24/8 saylı binada yaşayırdı.
Bununla da Sumqayıt şəhərinin torpaqlarımızın bütövlüyü uğrunda verdiyi şəhidlərin sayı 5-ə çatıb.
Allah rəhmət eləsin!