Cari ilin sentyabr ayı Azərbaycan-Qərb münasibətlərinin perspektivi baxımından növbəti dəfə sınaq mərhələsi oldu. "The Organized Crime and Corruption Reporting Project (OCCRP) adlı təşkilatın məlum materialı açıqlandıqdan dərhal sonra beynəlxalq media vasitəsilə sürətlə yayılmağa başladı və rəsmi Bakıya qarşı ciddi ittihamlar irəli sürüldü. Azərbaycan hakimiyyəti də bu hücumu cavabsız qoymadı, onun arxasında milyarder Corc Soros olmaqla məlum anti-Azərbaycan şəbəkəsinin və ermənilərin dayandığı bəyan edildi.
UniLakin bir çox ekspertin qənaətinə görə, məsələlərin kökü daha dərindir və hər şeyi ancaq Corc Sorosun Azərbaycana münasibəti və ya ermənilərlə əlaqələndirmək düzgün olmazdı. Bunun üçün hadisələrin və faktların məntiqi ardıcıllığına, qarşılıqlı bağlılığına nəzər yetirmək kifayətdir.
Məlumdur ki, Barak Obamanın prezidentliyi dövründə ABŞ-Azərbaycan əlaqələrində ciddi çatlar əmələ gəldi. Rəsmi Bakıya qarşı Vaşinqtondan idarə olunan kampaniyanın başında keçmiş Dövlət katibi Con Kerri, onun müavini Viktoriya Nulandın durduğu, daha sonra isə Devid Kramer və Riçard Kozlariç kimi "növbətçi tənqidçilərin gəldiyi, bu prosesə Avropa Şurasının insan haqları üzrə Nils Mujnieks kimi Avropadakı "azərbaycansevərlərin də qoşulduğu, aşağı sıraları isə Rebekka Vinsent kimi "milli fəal aşiqlərinin tutduğu artıq müzakirə mövzusu deyil. Geniş media və QHT şəbəkəsi də əlavə olunduqda, kampaniyanın miqyasını və təsir gücünü təsəvvür etmək bir o qədər də çətin olmaz.
2016-cı ildə Donald Tramp ABŞ prezidenti seçiləndən sonra Vaşinqtonun ənənəvi siyasətində, o cümlədən Azərbaycana münasibətində köklü dəyişikliklər baş verəcəyinə ümid artdı. Lakin məsələni mürəkkəbləşdirən yeganə amil odur ki, indi də Trampın özü hədəf götürmüşdü və artıq bir ildir ki davam edən bu hücumlar hələ də səngimir. Buradan da belə bir nəticə hasil etmək olar ki, Azərbaycana qarşı başladılan yeni kampaniyanın arxasında Ağ Ev və Dövlət Departamenti durmur.
Sirr deyil ki, OCCRP ABŞ layihəsidir. Hər hansı ölkədə Amerikanın müəyyən dairələrinin maraqları keçməyəndə, bu tipli qondarma qurumlar vasitəsilə xüsusi xidmət orqanlarının dezinformasiya yüklü məlumatları dövriyyəyə buraxılır və geniş media şəbəkəsi ilə piar edilir. "Guardian, BBC, "Le Monde və digər bu kimi KİV-lərin həmin materialı ictimailəşdirmək və daha geniş kütlənin diqqətinə çatdırmaq marağı başa düşüləndir. Çünki l Avropa Oyunları dövründə də geniş beynəlxalq media və QHT şəbəkəsinin eyni qayda ilə Azərbaycana qarşı necə işlədiyi müşahidə olunmuşdu. Soruşula bilər ki, 2017-ci ilin sentyabrında Azərbaycanın ünvanına axıdılan çirkaba Rusiyanın "Rosiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi və "Kommersant qəzeti niyə dəstək verdi? Əgər söhbət Bakının və tərəfdaşlarının enerji projelərindən getsəydi, TAP kəmərinə qarşı İtaliyada keçmiş komik Beppe Grillo vasitəsilə aparılan kampaniyada Rusiya izi təbii sayılardı. Çünki Avropanın enerji təchizatı məsələlərində Şimal qonşumuzun öz maraqları var. Ancaq insan haqları, korrupsiya və digər bu kimi məsələlərdə daim Qərb dairələrinin ittihamına məruz qalan Rusiyanın Azərbaycana qarşı aparılan kampaniyada iştirakı nə dərəcədə məntiqli görünə bilər? Üstəlik, bundan öncə Bolqarıstanın "Trud qəzetində Azərbaycan aviaşirkətinin silah alverində iştirakına dair sənədli-sübutlu materialın da Rusiya xüsusi xidmət orqanlarının əməyi hesabına başa gəldiyi iddia edildi. Digər tərəfdən, Rusiya ilə isti əlaqələri olan Avropa siyasətçilərinin, xüsusilə Avropa Parlamenti və AŞPA-da əyləşmiş və Moskva ilə dostluğu şübhə doğurmayan deputatların Azərbaycana qarşı hücumları necə başa düşülməlidir?
Məsələn, son zamanlar AŞPA-nın Baş katibi Torbyorn Yaqland az qala hər çıxışında Azərbaycanı hədəf götürür və ağır ittihamlar səsləndirir. Sentyabrın 13-də o, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarına rəğmən REAL sədri İlqar Məmmədovun azadlığa buraxılmasından imtina etdiyinə görə Azərbaycana qarşı misli görünməmiş hüquqi hərəkət edilməsinə çağırıb. Söhbət Avropa İnsan Hüquqları Məhkəməsinin 46.4-cü maddəsindən gedir ki, onun tətbiqi son nəticədə Azərbaycanın Avropa Şurasından çıxarılmasına gətirib çıxara bilər. Bundan əvvəl isə OCCRP-nin məlum materialı yayılanda və ondan da qabaq Yaqland Azərbaycanı bir neçə dəfə tənqid edib. Ancaq Rusiyaya gəldikdə, cənab Yaqland səylərini daha çox problemin qarşılıqlı anlaşma şəraitində həllinə yönəldir.
2009-cu ildə Avropa Şurasının baş katibi seçilmiş Torbyorn Yaqland az qala hər il Rusiyaya səfər edir və 2013-2016-cı illərdə bu səfərlər və baş katibin Moskvada, Sankt-Peterburqda keçirdiyi görüşlər barədə internetdə də kifayət qədər məlumat var. Əgər Rusiya nümayəndə heyəti ilə birlikdə Suriyaya səfər və prezident Bəşər Əsədlə görüş AŞPA sədri Pedro Aqramunta çox baha başa gəldisə və o, ruslara işləməkdə ittiham olundusa, ardıcıl Rusiyaya səfər edən Yaqland barədə bu ittihamlar niyə irəli sürülmür? Kim zəmanət verə bilər ki, cənab Yaqland da ruslara işləmir? Məlumdur ki, 2014-cü ildə Krım və Sevastopolun ilhaqından sonra AŞPA-da Rusiyaya sanksiya tətbiq olundu və qurumun bu qərarı indiyə kimi qüvvədədir. Belə bir vəziyyətdə cənab Yaqlandın davranışına diqqət yetirək. 2016-cı ilin dekabrında Moskvaya səfəri zamanı baş katib Rusiya prezidenti V.Putinə bildirir ki, Rusiya və Avropa Şurası arasında əməkdaşlıq fundamental şəkildə zədələnməyib. 2017-ci ilin avqustunda Fransa prezidenti Emmanuil Makronla görüşdə isə cənab Yaqland bildirir ki, Rusiyanı Avropa Şurasının tamhüquqlu üzvü görmək istəyir. Fikirlərini də onunla əsaslandırır ki, 140 milyon insanı İnsan Haqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasından kənarda saxlamaq düzgün deyil. Belə çıxır ki, Yaqland Avropa Şurasının üzvü Ukraynanın ərazisini ilhaq edən və digər ərazilərində də münaqişə ocağı yaradan Rusiyanı qurumda tamhüquqlu üzvlüyə qaytarmaq istəyir, amma bir nəfərə görə Azərbaycanın Avropa Şurasından çıxarılmasını sanksiyalaşdırmağa çalışır və 10 milyon insanı Avropa Məhkəməsində öz hüquqlarını müdafiə etməkdən məhrum etməyə cəhd göstərir.
Bundan başqa, 2014-cü ildə Rusiyanın təşkilatçılığı ilə Krımda keçirilmiş referendum şübhə doğurduğuna görə, beynəlxalq nəzarət altında yeni referendum keçirilməsi təşəbbüsləri irəli sürülür. Yaqland isə bildirir ki, heç kim bu referendumun reallaşdırılmasına hazır deyil. O, Ukraynaya daxili islahatlar həyata keçirməyi və Rusiya ilə qarşıdurmada daha güclü olmağı tövsiyə edir. Bütün bunlar tədbirli şəkildə Rusiyanın mövqeyini müdafiə etmək və onun təəssübünü çəkmək deyil, nədir?
Daha maraqlı bir məqam. 2017-ci il yanvarın 19-da Rusiya Konstitusiya Məhkəməsi hökumətə İnsan Haqları üzrə Avropa Məhkəməsinin YUKOS-la bağlı qərarını icra etməməyə icazə verir. Bundan əvvəl, 2015-ci ildə qəbul olunmuş qanuna əsasən isə, Rusiya Konstitusiya Məhkəməsinin qərarı beynəlxalq məhkəmələrin qərarından daha üstün hesab olunur. Beləliklə, Rusiyada İnsan Haqları üzrə Avropa Məhkəməsinin onlarla qərarı, o cümlədən siyasi motivli hesab olunan qərarlar icra olunmur və cənab Yaqland bunları görməzdən gəlir. Amma həmin instansiyanın REAL sədri İlqar Məmmədovla bağlı qərarı yetir ki, baş katib Azərbaycanın Avropa Şurasından kənarlaşdırılması istiqamətində hərəkətə keçsin. Bu, Yaqlandın ikili standartlarının və Rusiya təəssübkeşi olmasının göstəricisi deyilmi?
Sirr deyil ki, Rusiyada xarici QHT-lərin fəaliyyəti qadağan olunub və bütün QƏRB təşkilatları ölkədən çıxarılıb. Yerli QHT-lərin xaricdən maliyyələşdirilməsi də qeyri-qanuni hesab edilir. Ölkədə müstəqil KİV, QHT və siyasi partiya yoxdur. Hakimiyyətin bloqqer Navalnıya qarşı hərəkətləri isə, bu ölkədə müstəqil ictimai fəaliyyətin nəyə başa gəldiyini aydın göstərir. Yəni cənab Yaqlandın Rusiyaya xüsusi diqqəti o qədər böyükdür ki, açıq-aydın həqiqətləri görmür və yaxud da görmək istəmir?!
Bəlli olan odur ki, Azərbaycana qarşı yeni hücum dalğası təkcə okeanın o tayından məlum şəbəkə tərəfindən istiqamətləndirilmir. Bu prosesdə Rusiya da yaxından iştirak edir və Ümumrusiya Azərbaycanlıları Konqresinin qapadılması, Rusiya XİN-dən Azərbaycana qarşı səslənən ultimatumlar, Moskvanın nəzarətində olan və ya təsir imkanları əldə etdiyi Qərb mediası, QHT-ləri və ekspertlərin Bakıya qarşı çıxışları bu iddianın heç də əsassız olmadığını təsdiq edir.
Son olaya gəldikdə, faktlar və hadisələrin cərəyanı, iştirakçıların arealı təsdiq edir ki, artıq Rusiya OCCRP kimi qondarma qurumlara da çıxış əldə edib və bu səmt üzrə də öz maraqlarını keçirməyə çalışır. Əslində, Azərbaycana lobbiçilik fəaliyyəti göstərdiyi və bunun müqabilində yüksək məbləğdə qonorarlar aldığı iddia edilən Luka Volonte, Eduard Lintner və digərlərinin hansı ölkənin yaratdığı şəbəkəyə daxil olduğu, haradan maliyyələşdiyi daha dəqiq araşdırılmalıdır. Bu, hətta ABŞ-dakı prezident seçkilərinə təsir imkanları əldə etdiyi iddia olunan Rusiyanın Amerika və Avropada bütün sahələr üzrə çox geniş əlaqələrini müəyyənləşdirmək üçün faydalı ola bilər. Həm də Moskvanın Fransada Mari le Peni, Belçikada Heret Vildersi, Avstriyada Norbert Hoferi və digər Avropa ölkələrində ultramillətçiləri hakimiyyətə gətirmək üçün istifadə etdiyi təsir rıçaqları müəyyənləşdirilməsi üçün lazımdır. Azərbaycan isə ən azından dostlarının və düşmənlərinin kimlər olduğunu aydın görmək imkanı qazanacaqdır.
Daha real görünən odur ki, anti-Tramp və eyni zamanda anti-Azərbaycan şəbəkəsinin Bakıya münasibəti Moskvanın mövqeyi üst-üstə düşür. Burada Rusiyanın maraqları kifayət qədər aydındır: Azərbaycanın qlobal enerji layihələrinin əngəllənməsi, Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sazişinin imzalanmasına imkan verilməməsi, Bakının Avrasiya İttifaqına, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına cəlb olunması və ümumiyyətlə tam şəkildə öz orbitinə salınması və Qərbdən uzaqlaşdırılması.
Maraqlı və anlaşılmaz budur ki, anti-Tramp şəbəkəsi bundan nə qazanır? Yalnız erməni loyallığı və dostluğunumu? Xeyr, manevr imkanlarından məhrum olan Azərbaycanın həm də bu şəbəkənin özəl maraqlarını təmin etmək məcburiyyətində qalacağı şübhə doğurmur.
Bəs Qərb bu barədə nə düşünür?