Vergilər Nazirliyi bəzi iri marketlər şəbəkələrində aparılan yoxlamalara aydınlıq gətirib.
Nazirliyin Analitik-informasiya şöbəsindən daxil olan açıqlamada deyilir: "Məlum olduğu kimi, Vergi Məcəlləsində xronometraj metodu ilə müşahidə aparmaq vergi orqanlarının hüquqlarına aid edilmişdir. Xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla vergi ödəyicilərinin istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə mütəmadi olaraq aparılır və bu zaman onların normal fəaliyyəti üçün heç bir maneə yaratmır. "Neptun" və "Grand" marketlər şəbəkəsinin bəzi mağazalarında da dövriyyənin müəyyənləşdirilməsi məqsədilə xronometraj müşahidəsi təyin edilib".
Xatırladaq ki, bir neçə gün öncə bir qrup iri market şəbəkələrinin rəhbərləri iqtisadiyyat naziri Şahin Mustafayevə müraciət edib. Sahibkarlar müraciətində bildirib ki, müflis olma təhlükəsi qarşısındadırlar. Bildirilib ki, hazırda tətbiq edilən effektiv vergi dərəcələri və digər ödəmələr qiymətlərin stabil saxlanmasına imkan vermir. Üstəlik devalvasiyası nəticəsində əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb. Sahibkarlar hesab edir ki, yaranmış vəziyyəti, iqtisadi şərtlərin ağırlaşmasını nəzərə alaraq hökumət pərakəndə satış sahəsində vergi yükünü azaltmaq üçün addımlar atmalıdır.
Müraciəti "Rahat", "Bizim", "Fresko", "Səbət", "Makromart", "Araz", "Neptun", "Bolmart", "Favorit" kimi iri marketlər şəbəkələrinin rəhbərləri imzalanıb.
Ötən gün isə iqtisadiyyat naziri Şahin Mustafayev sahibkarların nümayəndələrini qəbul edib. Görüşdə sosial əhəmiyyətli gündəlik tələbat mallarının, xüsusən yerli istehsal olan kənd təsərrüfatı məhsullarının, habelə uşaq qidalarının istehsalı və bütün satış zəncirinə ƏDV-nin tətbiqinin aradan qaldırılması məsələsi müzakirə olunub.