Son günlər Dağlıq Qarabağla bağlı baş verən hadisələr Ermənistan rəhbəri Serj Sarkisyanın xarakterinin bəzi cəhətlərini daha aydın ortaya çıxardı. Onun dünya siyasətindən xəbəri olmadığı, əyalət səviyyəsində təfəkkürə malik olduğu bir daha təsdiq edildi. Hətta Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan belə, Serj Sarkisyanın əyalət düşüncəli insan olduğunu bildirib. O, Ermənistan dövlətinin başçısının çılğın qərarlar qəbul etməsinin doğru olmadığından danışıb. Serj Sarkisyanın çaşqın vəziyyətdə olması Vaşinqtonda keçirilmiş nüvə təhlükəsizliyi sammitində bir epizodda da özünü göstərib. Qeyri-adekvat davranan erməni lider zəif iradəli olduğunu nümayiş etdirib. Ermənistan bu cür liderlə haraya qədər gedə bilər?

Böyük savaşın kiçik oyunçusu: Sarkisyanın epileptik davranışı

Siyasi lider hesab edilən şəxs başını itirirsə, deməli, peşəkarlıq səviyyəsi çox aşağıdır. Əsl siyasətçi hətta mürəkkəb situasiyalarda belə soyuqqanlı olmalıdır. Ermənistana indi rəhbərlik edən Serj Sarkisyanın Vaşinqtonda keçirilən IV nüvə təhlükəsizliyi sammitində dövlət və hökumət başçıları birgə foto çəkdirərkən özünü vəziyyətə uyğun apara bilməməsi onun siyasətdə təsadüfi adam olduğunu bir daha təsdiqlədi. Dünya liderləri əllərini havada yellədiyi halda, erməni lider əl-qolunu ümidsiz və küsəyən uşaqlar kimi yanına salaraq, müti baxışlarla obyektivə istiqamətləndi.

O, zavallıdırmı? Düşünmürük, çünki Serj Sarkisyanın xarakterinin psixoloji təhlili göstərir ki, kifayət qədər qərəzli, kinli və tamahkar tipdir. Sarkisyanı gənc yaşlarından tanıyanların təsvirləri ilə yanaşı, keçmiş prezident L.Ter-Petrosyanın verdiyi xarakteristika da bunu təsdiqləyir. Zavallı fürsət yoxsulu olmur. Onun əsas qüsuru mübarizə ruhunun olmaması, çətinliklər qarşısında aciz duruma düşməsidir. S.Sarkisyan isə fürsət yoxsulu, tənbəldir, intellektual səviyyəsi çox aşağıdır. Onun İrəvan Dövlət Universitetini güclə bitirməsi bunun əyani sübutudur. Çalışqan və təfəkkürü yaxşı işləyən tələbə heç zaman o vəziyyətə düşməz.

S.Sarkisyan fürsətdən istifadə edib, özü üçün maksimum fayda əldə etməyə can atan bir şəxs olaraq karyerasını qurub. Dağlıq Qarabağda separatçılara qoşulanda, kim idisə də, indi prezident kimi də elədir.

Son nümunə. L.Ter-Petrosyan deyir ki, "mən başa salmağa çalışdım ki (S.Sarkisyan nəzərdə tutulur – Newtimes.az), Ermənistanın "DQR"-i tanımaq ideyası emosional çılğınlığın nəticəsi yox, ancaq dərin düşünülmüş qərar olmalıdır" (bax: Левон Тер-Петросян рассказал подробности встречи с Сержем Саргсяном / "1in.am", 11 aprel 2016). Bu sözlərin adi məntiqi izahı belədir ki, Ter-Petrosyan Sarkisyanın əyalət təfəkkürü ilə emosional hərəkət etmək istəyinin qarşısını almağa çalışıb. O, həmçinin Azərbaycanın hərbi cavab zərbələrinin təsiri altında Ermənistan prezidentinin keçirdiyi psixoloji sarsıntıları, faktiki olaraq, dilə gətirir və işarə edir ki, bu səbəbdən S.Sarkisyan çıxış yolunu qondarma qurumu tanımaqda görüb. Beləliklə, bir tərəfdən, dövlət başçısı kimi S.Sarkisyan psixoloji durumunun bərbad olduğunu nümayiş etdirib. O, Qarabağın əldən getdiyini anlayandan sonra çılğın addımlar atmağa başlayıb. Buna siyasi aspektdə "psixoloji epilepsiya" da demək olar. Yəni Ermənistanın qondarma bir qurumu tanıması nəyi dəyişdirir ki? Ermənistanın özünün suverenliyinə böyük şübhə olduğu bir halda, bu addımın onun özünün xəstə təfəkkürünə sığal çəkməsindən başqa əhəmiyyəti yoxdur.

Digər tərəfdən, İrəvan tanıdığı və ya tanımadığı separatçı bir qurumu hərb meydanında müdafiə edə bilmirsə, bu addımın hansı mənası vardır? L.Ter-Petrosyan bütün bunları nəzərə alaraq məsləhət görür ki, hər şeyi dərindən və sanballı düşünmək lazımdır. Ancaq o da bir şeyi unudur – düşünməyə işlək baş və səmimi niyyət gərəkdir! S.Sarkisyan bunların hər ikisindən məhrumdur. Xüsusən Azərbaycan Prezidentinin atdığı sanballı addımlar fonunda bu, aydın görünür.

İlham Əliyev ingilis dilində gözəl danışığı ilə dünyanın böyük dövlətlərinə Azərbaycanın dövlət olaraq hansı tədbirləri həyata keçirmək istədiyini dəqiq ifadə edib. Məsələn, "Cənub qaz dəhlizi"nin geosiyasi əhəmiyyətini lakonik şəkildə diqqətə çatdırıb. ABŞ rəhbərləri ilə görüşdə Azərbaycanın maraqlarını yüksək səviyyədə ortaya qoyub. İlham Əliyev etdiyi usta gedişlərlə regionda böyük dövlətlərin maraqlarını Azərbaycanın xeyrinə tarazlaşdırıb. Konkret layihələr təklif etməklə peşəkar siyasətçi olaraq öz ölkəsinin geosiyasi mövqeyini yüksəldib. Bütün bunları İlham Əliyev irəli sürdüyü proyektlər və güclü siyasi iradə, ağıllı mövqe, yüksək səviyyəli diplomatik manevrlər vasitəsi ilə həyata keçirib. Məhz bunlara görədir ki, ABŞ rəhbərləri Azərbaycanın suverenliyini birmənalı dəstəklədiklərini ifadə ediblər.

Bundan başqa, Azərbaycan Prezidentini ABŞ administrasiyası çox yüksək səviyyədə qarşılayıb. Dünyanın ən güclü dövlətinin "rəhbər üçlüyü" (prezident, vitse-prezident və dövlət katibi), habelə bu ölkənin konqresmenləri və ictimai xadimləri ilə görüşlərdə region üçün aktual olan bütün məsələlər müzakirə edilib. Danışıqların gedişində dövlət katibi Con Kerri və vitse-prezident Co Bayden Azərbaycanın dövlət başçısının fəaliyyətini çox yüksək qiymətləndirib, onu Cənubi Qafqazın lideri adlandırıblar. Prezident Barak Obama isə İlham Əliyevin siyasətini tam dəstəklədiyini rəsmən bəyan edib.

Bəs Serj Sarkisyan Ermənistan dövləti üçün hansı addımları atıb və nələrə nail olub? Onu vurğulamaq istərdik ki, Sarkisyana Vaşinqtonda elə bir diqqət göstərilməyib. Əslində, Sarkisyanın yüksək səviyyədə görüşləri də olmayıb. Görünür, əlacsız qalan Sarkisyan vaxtını kilsələrdə, bəzi universitetlərin auditoriyalarında keçirməli olub. Faktiki olaraq, onun görüşləri əyalətlərdə olub. Ancaq əyalət səviyyəsində keçirdiyi görüşlər də uğursuz olub. Ola bilsin, bütün bunlara ürəyi dözməyən Sarkisyan, təxribata əl ataraq, ABŞ-dan dönər-dönməz orduya dinc azərbaycanlıları atəşə tutmaq əmri verdi, layiqli cavabını da aldı.

Əyalət prezidenti: hər kəsdən şübhəli və şikayətli adam

Onun son illərdəki fəaliyyətinə qısa nəzər salsaq, görərik ki, şikayət, narazılıq, küsəyənlikdən başqa işi olmayıb. Müstəqil Dövlətlər Birliyindən (MDB), Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT), Avrasiya İqtisadi İttifaqından (Aİİ) küsüb. Kremldən, ümumiyyətlə, "möhkəm inciyib". Son olaraq, Aleksandr Lukaşenko və Nursultan Nazarbayevdən də Vladimir Putin və Dmitri Medvedevə şikayət edib. Bunların hamısı psixoloji problemlərin və acizliyin nəticəsidir. Eyni zamanda, bacarıqsız və haqsız mövqedə olan siyasətçinin çılğınlıqlarıdır.

Çünki bütün hallarda S.Sarkisyanın elə bir təklifi yoxdur ki, onu böyük siyasətçilər qəbul edib, dəstəkləsinlər. Sarkisyan bir şeyi əzbərləyib – Rusiyada və Qərbdə tutuquşu kimi yalnız "Azərbaycanı niyə dəstəkləyirsiniz?" cümləsini işlədir. Bu zaman, Azərbaycanın nəyə görə dəstəklənməməli olduğunu məntiqi izah edə bilmir. Məsələn, KTMT-nin son Moskva toplantısında S.Sarkisyan Vladimir Putinə bir yığın şikayət etdi. Rusiya dövlət başçısı isə təmkinlə və dolayısı ilə anlatdı ki, hər bir ölkənin öz geosiyasi maraqları var və Ermənistan rəhbəri nəhayət ki, bunu anlamalıdır.

İrəvan Kremldən tam asılı olsa da, addımlarını S.Sarkisyanın şıltaqlığı üzərində qura bilməz. Eynilə Aleksandr Lukaşenko və Nursultan Nazarbayev Ermənistanın paytaxtına səfərə getməkdən imtina etməklə eyni mahiyyəti erməni siyasətçiyə anlatmağa çalışıblar. Nəticəsi nə oldu? Serj Sarkisyan yenə də şikayətləndi ki, "məni dəstəkləmirlər". Hər zaman hər yerdə kömək uman siyasətçi zəif və səviyyəsizdir!

İndi Serj Sarkisyan yeni silah axtarır. Ona elə gəlir ki, Ermənistan güclü silaha sahib olsa, işləri düzələcək. Bu da çox səhv və təhlükəli bir mövqedir. Ona görə ki, tarixdə heç vaxt qələbəni silah gətirməyib. Azərbaycan Ordusunun uğurlarını birbaşa müasir silahlara bağlamaq da kökündən səhvdir. Azərbaycan ona görə uğur qazanır ki, ona müdrik siyasətçi başçılıq edir. Prezident harada hansı addımı atmağın lazım olduğunu gözəl bilir.

Azərbaycan Prezidenti ölkəsini sürətlə inkişaf etdirərək, cəmiyyətlə hakimiyyət arasında sıx bağlılıq yaradanda, Serj Sarkisyan Ermənistanda gəlmə-yerli qarşıdurmasının memarı idi. İlham Əliyev islahatlar apararaq dövləti gücləndirəndə, S.Sarkisyan öz vətəndaşlarına yalan satırdı. Azərbaycan rəhbəri bütün imkanlarla Ordunu gücləndirəndə, S.Sarkisyan "hərbi qələbə" eyforiyasının riyakar mühitində xəyalən "üzürdü"!

Nəhayət, Azərbaycan Ordusu öz torpağını qoruduğunu çox yaxşı bilir. Azərbaycan əsgəri Vətən torpağının işğaldan azad olunması üçün canını belə əsirgəmir. Pilot Təbriz Musazadə öz mövqeyinə qayıtmaq imkanından istifadə etməyərək düşmən mövqeyinə vurulmuş helikopteri ilə şığıyır. Çünki o, əsl hərbiçi kimi Vətən üçün şəhid olmağı hər şeydən üstün tutur. O bilir ki, Prezidenti övladlarına yiyə duracaq, onlar da əsgər kimi yetişəcəklər.

Serj Sarkisyanın əlində belə imkanlar yoxdur. Çünki işğalçıdır, başqa torpağı ələ keçirmək üçün müxtəlif bəhanələr axtarır. Artıq bütün bu zülmkarlıqların cavabını vermək zamanı çatıb. Bu səbəbdən Serj Sarkisyan artıq başını itirib.

Gec-tez tarix hər şeyi öz yoluna qoyur. Serj Sarkisyan indi çətinə düşəndə Levon Ter-Petrosyanın evinə qaçır. Bu da çıxış yolu deyil. Çünki həqiqət həmin evdə məskən salmayıb. L.Ter-Petrosyanın imkanı olsaydı, "yağlı əlini öz başına çəkərdi". Burada sadəcə S.Sarkisyanın psixoloji şokdan çıxa bilməməsi faktı var. Görünür, bundan sonra o, hələ çox şok vəziyyətləri yaşayacaq. Türkə, müsəlmana qarşı olan nifrət erməni xislətini məhv edəcək. S.Sarkisyan da bu xəstəliyə möhkəm tutulub. Qafqazın "xəstə adamı" hələ yataqda nəfəs alır. Özünə təbib axtarır. Lakin bu xəstəlikdən xilasın açarının özündə olduğunu anlaya bilmir. Belə şəraitdə onun sağalması mümkün deyil. Ancaq Ermənistan cəmiyyəti xilas olmaq istəyirsə, bu cür xəstə adamlardan qurtulmalıdır. Başqa yol yoxdur. Ya da erməni xalqı Sarkisyanın sərsəmləmələrini dinləyə-dinləyə, fəlakətə doğru getməkdə davam edəcək. Bu da onların öz seçimidir!

 

Newtimes.az(AzerTag)