Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvan səfəri Ermənistan əhalisini təşvişə salıb. ANS PRESS-in məlumatına görə, həmçinin Ermənistan KİV-ləri Lavrov və Sarkisyan əlyehinə məqalələr tirajlayırlar.

Yazıların başlıqlarında isə "Lavrov planı", "Hiyləgər Lavrov planı", "Serj Sarkisyan Lavrova Qarabağdan əl çək deyəcək?" kimi ifadələr yer alıb. Bəzi mətbuat orqanları isə Sarkisyanı satqın adlandırır.

Ermənistanın nüfuzlu siyasi partiyaları və digər ictimai fəalları əhalini Lavrova qarşı mitinqlərə səsləyir. Sergey Lavrovun ermənilərə yaxınlığı və əksər hallarda birmənalı olaraq onların mövqelərini müdafiə etdiyi barədə bir neçə dəfə məlumat yayılıb.

Digər Rusiya rəsmiləri kimi Sergey Lavrov da İrəvana dəfələrlə səfərlər edib. Amma nə Ermənistan rəhbərliyi, nə də ki, əhalisi Lavrova qarşı etirazlar təşkil etməyib.  Amma bir neçə gündür ki, Ermənistanda Rusiya əleyhinə mitinqlər keçirilir.

Unikal.org xəbər verir ki, keçmiş səfir, politoloq Fikrət Sadıqov ANS PRESS-ə açıqlamasında bildirdi ki, erməniləri əsas narahat edən Dağlıq Qarabağın statusudur."Yəqin ki, aprelin əvvələrində baş verən hadisələrdən sonra İrəvana səfər edən Sergey Lavrov Ermənistan rəhbərliyinə statusla bağlı təkliflər verəcək. Rəsmi Bakı da dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağa Azərbaycanın tərkibində muxtariyyat statusu verməyə razıyıq. Amma Ermənistan razılaşmır. Bu prosesdə nüfuzlu dövlətlərin təminatı əsasdır", - deyə Fikrət Sadıqov bildirdi. 

Fikrət Sadıqov bildirdi ki, Lavrovun İrəvan səfərinin əsas məqsədlərindən biri də Ermənistanı sakitləşdirmək və sübut etmək ki, Moskva İrəvandan imtina etmir. "Apreldə baş verən hadisələr göstərir ki, Rusiya təşəbbüslə çıxış etməsə vəziyyət daha da gərginləşəcək. Moskva başa düşür ki, Bakı onun yaxın strateji tərəfdaşıdır. Həmçinin Azərbaycanın qərblə yaxın əməkdəşlıq etməsi Rusiyanı narahat edir. Bu səbəblərdən Azərbaycanın maraqlarını nəzərə almağa çalışırlar", - deyə politoloq bildirdi.
Sergey Lavrovun hər İrəvan səfərindən əvvəl münaqişənin həlli ilə bağlı yeni planların olduğu ortaya çıxır.

Ötən ilin əvvələrində Sergey Lavrovun Ermənistan hakimiyyəti qarşısında 7 rayonun qaytarılması ilə bağlı məsələ qaldırdığı barədə xəbər yayılmışdı. Hətta məlumatlarda Lavrovun İrəvan səfərində də bu məsələni müzakirə etdiyi bildirilirdi. Həmin sülh planının Lavrovun ideyası əsasında hazırlandığı barədə məlumatlar yayılmışdı.