İsraildən şok İran bəyanatı
11:36 26-07-2012
CƏMİYYƏT
İsraildən şok İran bəyanatı
Təl-Əviv molla rejimi iə danışıqları dayandırıb müharibəyə başlamağı təklif etdi
"İranla "altılıq" ölkələri arasında nüvə müzakirələri əbədi davam edə bilməz". Bunu İsrailin xarici işlər naziri Aviqdor Liberman bildirib.
Onun sözlərinə görə, tərəflər arasındakı aparılan danışıqları kəsib hərəkətə keçməyin zamanı gəlib. A. Liberman deyib ki, Bolqarıstanda və dünyanın müxtəlif bölgələrində İsrail vətəndaşlarını hədəf alan hücumun arxasında "Hizbullah" təşkilatı və İran var: "Hazırda "Hizbullah"ın kimyəvi və bioloji silah əldə etmək istədiyi və bu istiqamətdə cəhdlər göstərdiyinə dair əlimizdə kifayət qədər məlumatlar mövcuddur. Belə ki, "Hizbullah" Suriyanın kimyəvi və bioloji silahlarını əldə etməyə çalışır. Ən böyük narahatlığımız da budur. Bu bizim üçün qırmızı xətt və açıq şəkildə döyüş səbəbidir. Suriya kimyəvi və bioloji silahlarını "Hizbullah"a verəcəyi təqdirdə, tərəddüd etmədən hərəkətə keçəcəyik".
"Cənub Afrika Respublikası (CAR) İrandan neft almaqda davam edəcək". Belə bir bəyanatla isə CAR-ın energetika naziri Dipo Piters çıxış edib.
Onun sözlərinə görə, İrandan xam neft idxalının dayandırılması ölkəsini çətin vəziyyətdə qoya bilər: "Çünki CAR-ın əsas neftayırma zavodları İran nefti ilə işləyir.
Xam neftə olan tələbatımızın 26 faizini İrandan alırıq və bu neftin 80 faizi nəqliyyat vasitələrinin yanacağına sərf olunur". D. Piters deyib ki, ABŞ və Avropa Birliyinin İrana qarşı tətbiq etdiyi sanksiyalar öz qərarları olmadığı üçün ona əməl etməyəcəklər.
Dünən İranla bağlı verilən başqa bir məlumatda qeyd edilirdi ki, ölkənin İlam vilayətində bir nəfər edam edilib. Narkotik maddələri evində saxlamaqda, istifadə etməkdə və ticarəti ilə məşğul olmaqda təqsirləndirilən şəxs barədə İlam İnqilab Məhkəməsi ölüm hökmü çıxarıb. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiq ediləndən sonra İlam vilayətinin Dalab şəhərinin həbsxanasında icra edilib.
Qeyd edək ki, İran edam cəzalarının sayına görə dünyada Çindən sonra ikinci yeri tutur.
Bu arada məlumat yayılıb ki, iyulun 23-də İranın şimal-şərqində yerləşən Nişapur şəhərində toyuq ətinin bahalaşmasına etiraz olaraq aksiya keçirilib. İSNA-nın verdiyi məlumata görə, əhalisinin sayı 270 min nəfər olan şəhərin əsas meydanına toplaşan minlərlə sakin toyuq ətinin son iki ay ərzində iki dəfə bahalaşmasının günahını hökümətdə gördüklərini bildiriblər və bununla bağlı müxtəlif şüarlar səsləndiriblər.
Aksiya iştirakçıları həmçinin elektrik enerjisinin fasilələrlə verilməsi, milli valyutanın ucuzlaşması, sosial yardımların azalması ilə bağlı da etirazlarını bildiriblər. Polis aksiyaya heç bir müdaxilə etməyib.
Qeyd edək ki, İranda toyuq ətinin qiyməti son bir ildə 3 dəfə artıb. Ona görə də İran hökuməti toyuq ətinin qiymətinin gündən-günə qalxmasına seyrçi qalmayaraq bazarlara 54 min ton toyuq əti göndərib. Hər gün saat 07.00-dan 17.00-dək 1700 ton toyuq əhaliyə güzəştli qiymətlərlə, yəni 80 min riala, yaxud 6,7 dollara satılır. Bu da toyuq əti satılan mağazaların qarşısında böyük növbələrə səbəb olub.
Yüzlərlə insan toyuq əti almaq üçün sırada dayanır. Hətta növbəni tutmaq üçün insanlar bir neçə gün öncədən yazılır. Bu zaman iki gün ərzində "güzəştli" qiymətlə toyuq almaq olur. Ancaq növbələr zamanı bədbəxt hadisələrin də baş verdiyi bildirilir. Belə ki, Tehranın cənubunda, paytaxtın yoxsullar yaşayan bölgəsində belə toyuq növbələrinin birində bir qadının öldüyü, iki nəfərin isə yaralandığı barədə məlumat yayılıb.
Bir başqa məlumata görə isə dünən səhər bir qrup ibtidai sinif müəllimi İran parlamentinin binası qarşısında etiraz aksiyası keçirib. Bu barədə İLNA agentliyi xəbər verib.
Müəllimlər təhsil nazirinin onları işdən çıxarmasına etiraz ediblər.
Ölkənin müxtəlif bölgələrindən parlament binası qarşısında toplaşmış müəllimlərin nümayəndəsi bildirib ki, hazırda 25 min nəfər ibtidai sinif müəllimi işdən çıxarılıb. "Biz bura toplaşmışıq ki, səsimizi duysunlar və bu ağır iqtisadi vəziyyətdə bizi öz işimizin başına qaytarsınlar", - müəllimlərin nümayəndəsi deyib.
Murad İbrahimli
Digər Xəbərlər
2024-12-25 13:37:39
2024-12-25 13:18:58
2024-12-25 13:17:41
2024-12-25 13:04:06
2024-12-25 13:00:57
2024-12-25 12:57:55
2024-12-25 12:50:14
2024-12-25 12:45:56
2024-12-25 12:45:00
2024-12-25 12:44:00
2024-12-25 12:30:42
2024-12-25 12:30:00
2024-12-25 12:29:47
2024-12-25 12:18:53
2024-12-25 12:15:02
2024-12-25 12:14:00
2024-12-25 12:00:37
2024-12-25 11:57:00