Qızmar günəş altında işlədənlər cəzalandırılacaqmı?
11:37 26-07-2012
CƏMİYYƏT
Qızmar günəş altında işlədənlər cəzalandırılacaqmı?
Buna görə cərimə 1000 manatdan 2000 manata qədərdir, amma...
Əmək qanunvericiliyinə əsasən, havanın temperaturunun 41 dərəcədən yuxarı olduğu hallarda açıq havada və sərinləşdirici qurğuları olmayan örtülü yerlərdə işlər dayandırılmalı, yaxud fasilələr verilməlidir. Yayın birinci ayı nisbətən sərin keçsə də, bu sözü iyul ayı üçün demək olmaz. Hazırda paytaxtda sözün həqiqi mənasında göydən od tökülür. Buna baxmayaraq, istilərə məhəl qoymadan günün altında işləyənlər də var.
Yayın bu qızmar çağında gah yol kənarında, gah da asfaltın tən ortasında fəhlələrin işlədiyini görürük. Əvvəla qeyd edək ki, havanın istiliyi qaydalara əsasən kölgədəki temperatura görə təyin edilir. Temperatur kölgədə 41 dərəcə göstərirsə, deməli, açıq havada 45-49 dərəcə istilik var. Ancaq açıq havada gedən işlər nəinki dayandırılır, əksinə sanki iş icraçıları qızmar havanı gözləyirmiş kimi ən ağır işləri günün ən isti saatlarında gördürürlər.
Yeri gəlmişkən, onu da qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatı da o qədər ürəkaçan deyil. Məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 25-də hava şəraitinin günəşli olacağı gözlənilirdi. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 23-28, gündüz 34-38, yarımadanın bəzi yerlərində 40 dərəcə isti olacağı ehtimalı var. Əslində, havanın temperaturu 41 dərəcəni aşırsa, açıq havada bütün işlər dayandırılmalıdır.
Rəsmilər nə deyir?
modern.az-a açıqlamasında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəis müavini Məhərrəm Məhərov bildirdi ki, belə şəraitdə işə ya fasilə verilməli, ya da iş tamamilə dayandırılmalıdır: "Azərbaycan Respublikası Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, soyuq və isti hava şəraitində fasilələr verilməli və ya iş dayandırılmalıdır. Əgər işə 2-3 saat fasilə verilirsə bu, işçinin əməkhaqqına heç bir təsir etmir. Ancaq iş dayandırıldıqda boş dayanma kimi işçilərə əməkhaqqının 2/3 hissəsindən az olmayaraq ödəniş edilməlidir".
M. Məhərov onu da bildirdi ki, kölgədə aparılan iş davam etdirilməlidir. Belə yerlərdə fasilə və ya işin dayandırılması tələb olunmur: "İş əsasən temperaturun 41 dərəcədən artıq olduğu açıq havada aparılırsa, dayandırılmalıdır".
Bu qaydalara nəzarət mexanizminə gəlincə, xidmət rəsmisi dedi ki, bununla bağlı hər il sahibkarlara xəbərdarlıqlar edilir: "Düzdür, tikinti aparılan bütün obyektlərə eyni zamanda nəzarət etmək mümkün deyil, ancaq bacardığımız qədər çox obyektlərə nəzarət etməyə çalışırıq. Hələlik Azərbaycanda hidrometeoroloqlar tərəfindən 41 dərəcədən artıq istinin olacağı haqda xəbərdarlıq olunmayıb".
Rəis müavini bu cür neqativ hallar üçün tətbiq edilən cərimələrdən də danışdı: "İnzibati Xətalar Məcəlləsinin 54-cü maddəsinə əsasən, işçilər üçün normal iş şəraiti yaradılmalıdır. Bunu nəzərə almayan tikinti sahibkarlarını 1000 manatdan 2000 manata qədər cərimə gözləyir".
Ekspert rəyi
Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov da Əmək Məcəlləsinin hər addımbaşı pozulduğunu dedi. Onun sözlərinə görə, Azərbaycanda ən isti hava bu gün 41-42 dərəcə olur. Yəni Azərbaycanda çox nadir hallarda, bəlkə də 30-40 ildən bir istiliyin 43-44 dərəcəyə çatdığı müşahidə olunur. Ona görə də maksimum göstərici 41 dərəcə təyin edilib və Əmək Məcəlləsinə görə də temperatur 41 dərəcəyə çatdıqda iş prosesi avtomatik dayandırılmalıdır. Ancaq biz bunun əksini görürük.
S. Məmmədov qeyd etdi ki, istənilən halda, havanın hərarəti yüksəkdirsə, işəgötürən işçinin qayğısına qalmalıdır: "İsti hava şəraitində birbaşa günəş şüalarının düşdüyü və temperaturun tənzimlənməsi mümkün olmayan yerlərdə iş prosesi dayandırılmalıdır. Bu qayda əsasən açıq hava şəraitində görülən işlərə aiddir. Bəzən iş prosesi kölgəlik olmayan yerlərdə aparılır. Təsəvvür edin, fəhlə 37 dərəcə istidə, başıaçıq, günəş şüalarından heç bir qorunma vasitəsi olmadan açıq havada asfalt salır. Fəhlələr dözülməz şəraitdə çalışır. Belə vəziyyətdə işəgötürənin işçinin qayğısına qalmaq ən əsas vəzifələrindən biridir. Amma işəgötürən işçinin qayğısına qalmır. Əmək Məcəlləsinin maddələri pozulur. Əmək Məcəlləsinə əsasən, işəgötürənin başlıca vəzifəsi işçi üçün əlverişli iş şəraiti yaratmaqdır. Əgər hədsiz istidirsə, işəgötürən işçinin gündən qorunmasını təmin etməlidir. Günün qızmar saatlarında işçinin kölgəlikdə zəruri fasilə etməsinə şərait yaratmalıdır, işçiyə günəş şüalarından qoruyan vasitələr paylanmalıdır, sərin su, yaxud sərinləşdirici içki verilməlidir ki, nə günvurma, nə də istivurma halları olsun. Bu sadalananlar mümkün deyilsə, işəgötürənin belə imkanları yoxdursa, o zaman iş dayandırılmalıdır. Çünki günvurma, yaxud istivurma səbəbi ilə işçinin səhhətinə dəymiş ziyanın ödənməsi işəgötürənin vəzifəsidir. Təəssüf ki, Azərbaycanda qanunvericiliyin bu tələblərinə də əməl edən çox azdır".
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin tibbi-meteoroloji proqnozuna əsasən, Bakıda və Abşeron yarımadasında kəskin isti xüsusilə günorta saatlarında əhali üçün əlverişsizdir. Günün qızmar vaxtında açıq havada olmaq məsləhət görülmür.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası da insanlara xəbərdarlıq edib. Bildirib ki, temperatur yüksələcəksə, insanlar buna hazır olmalıdır. Açıq günəş altında uzun müddət olmaq məsləhət deyil. İş şəraiti açıq səma altındadırsa, insanlar çalışıb işlərini kölgədə qurmalıdır. Qapalı yerlərdə olan insanlar iş şəraitini sərinləşdirici otaqlarda qurmalıdır.
Gültəkin Ələsgər
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49