Prezident seçkilərinin erkən dalğası
13:30 27-07-2012
CƏMİYYƏT
Prezident seçkilərinin erkən dalğası
2013-cü ildə ölkədə keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca Azərbaycan müxalifətinin daxilində baş verən birləşmə və ayrılma prosesləri də intensivləşməyə başlayır. Və bu da təbiidir. Sivil bir ölkənin sivil müxalifəti ümumdünya müxalifətinin klassil təcrübəsindən faydalanmalıdır - birləşmə və ayrılma prosesinin bizdə də baş verə biləcəyi iddiasını bir daha təsdiqləmək üçün. Necə deyərlər, özümüz sivil olmasaq da, heç olmasa, sivillik görüntüləri yaratmalıyıq.
Mətbuatdan da bilindiyi kimi, eks-spiker Rəsul Quliyevin başçılıq etdiyi Açıq Cəmiyyət Partiyası Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının sıralarını bu günlərdə tərk etdi. Və bu gediş, təbii ki, azərbaycansayağı oldu: eks-spiker bildirdi ki, bu hərəkat daha heç nəyə yaramır. Hərçənd ki bu hərəkat elə Rəsul Quliyevin təşəbbüsü ilə yaradılmışdı.
Nə olar ki, səhvi anlamaq heç vaxt gec deyil.
DCUMH da okeanın o tayında məskunlaşmış eksə borcu qalmadı. Belə ki sözügedən hərəkatın üzvü olan Aydınlar Partiyası da Rəsul Quliyevin rəhbərlik etdiyi Açıq Cəmiyyət Partiyasının bu qurumdan çıxmasına münasibət bildirib.
Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli eks-spikerin Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatından gedişi ilə bağlı Modern.az-a açıqlama verib. Müqavimət Hərəkatının dağılması haqda deyilənləri təkzib edən Q.Əlibəyli birliyin dağılmadığını və aktiv fəaliyyət göstərəcəyini deyib.
"Rəsul Quliyevin Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatından çıxması bizim üçün dəhşətli bir faciə deyil. Rəsul bəy bizimlə olmaq istəmir istəməsin. Biz heç kimi məcbur yanımızda saxlamırıq. Getmək istəyən gedə bilər. Rəsul Quliyevin partiyasının gedişi bizim hərəkatın fəaliyyətinə mənfi təsir göstərməyəcək, əksinə biz əvvəlkindən də aktiv fəaliyyət göstərəcəyik. ACP-nin gedişi bizim üçün fəlakət doğuran bir ayrılıq olmadı.
Onsuz da Rəsul Quliyev Amerikada oturub heç nədən xəbəri olmaya-olmaya hərəkatı tənqid edirdi, müxtəlif xoşagəlməyən fikirlər səsləndirirdi. Bu baxımdan onların gedişi bizim üçün gözlənilməz faciə olmadı".
Hərəkata yeni üzvlərin qoşulmasına gəlincə, Q.Əlibəyli hələlik belə gözləntilərinin olmadığını deyib.
"Biz hələ bu haqda düşünmürük. Odur ki, hazırda hərəkata yeni qoşulanların olacağı ilə bağlı gözləntilərimiz də yoxdur".
Partiya sədri İctimai Palataya qoşulub-qoşulmayacaqları ilə bağlı sualımıza belə cabab verib:
"Bizim İctimai Palataya qoşulmaq fikrimiz yoxdur. Nə İctimai Palata ilə münasibətlərimiz var, nə də ona qoşulmaq niyyətimiz. Qoşulmaq istəyirlərsə, onlar bizim hərəkata qoşula bilərlər. Biz istəmirik".
Qeyd edək ki, Açıq Cəmiyyət Partiyası və Liberal Demokrat Partiyası bir neçə gün bunda əvvəl Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatından çıxdıqlarını bəyan ediblər.
Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı bu il yanvarın 12-də Klassik Xalq Cəbhəsi Partiyası, Aydınlar Partiyası, Açıq Cəmiyyət Partiyası, Liberal-Demokrat Partiyası, Azadlıq Partiyası və Vətəndaş Hərəkatı Forumu tərəfindən təsis olunmuşdu. İndii bu qurumda Klassik Xalq Cəbhəsi Partiyası, Aydınlar Partiyası, Azadlıq Partiyası və Vətəndaş Hərəkatı Forumu qalır.
Müxalifətin digər qanadında da ənənəvi proseslər baş verməkdədir. Burada isə gündəmdəki başqa bir mətləb xeyli müddətdir ki, çözülməzlik dalanına dirənib. Mətləb isə bütün cəmiyyətə məlumdur: müxalifətin prezidentliyə vahid namizəd məsələsi.
İctimai Palatanın Koordinasiya Şurasının üzvü, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Ali Məclisinin sədri Rafiq Manaflının sözlərinə görə, "Prezident seçkiləri zamanı İctimai Palatada vahid namizədin müəyyənləşməsində narazılıqlar olacaq. İnanıram ki, İsa Qəmbər də, Əli Kərimli də vahid namizədin müəyyənləşməsi məsələsində iradə nümayiş etdirəcəklər. Bununla da İctimai Palata seçkiyə vahid namizədlə gedəcək".
O deyib ki, müxalifətin prezident seçkilərində vahid namizədlə çıxış etməsi həyati əhəmiyyət kəsb edir: "İlk növbədə müxalifət mütləq seçkilərə vahid namizədlə qatılmalıdır. Əlimizdə olan elektoratı parçalamaq olmaz. Bu sosial baza bizim seçkilərə vahid namizədlə getməyimizi gözləyir. Müxalifət seçkiyə vahid namizədlə getməyə məcburdur".
R. Manaflı qeyd edib ki, İctimai Palatada hamı seçkiyə vahid namizədlə getməyin əhəmiyyətini anlayır və qəbul edir: "Əslində İctimai Palata prezident seçkilərində iştirak edən namizədlərini müəyyənləşdirib. İctimai Palatanın seçkidə iki namizədi mövcuddur. Bunlar AXCP sədri Əli Kərimli və Müsavat Partiyasının başqanı İsa Qəmbərdir. Bunların arasında seçim isə situasiyanın dəyişməsindən asılı olaraq aparıla bilər. Hələlik isə bu seçimin aparılmasını ciddi şəkildə əsas məsələ kimi ortaya qoymamışıq. Çünki hələ problemlər çoxdur. Bu problemlərdən biri demokratik seçki mühitinin yaradılmasıdır. Bu mühit olmasa, seçki uduzulmuş kimi də görünür".
Müxalifətin hər iki qanadının situasiyaya və ondan çıxış taktikasına yanaşımı göz qabağındadır. Amma prezident seçkilərinə qədər ölkədə yeni siyasi ittifaqlar yaranacağı da istisna deyil. Çünki əsasən, Ümid Partiyası və ADP-nin təmsil olunduğu Qarabağ bloku hələ ki öz kartını açmaq niyyətində deyil...
Bütövlükdə Azərbaycan müxalifəti öz kartını ortalığa qoysa, hansı rəqəmi görəcəyik?
Natiq
Digər Xəbərlər
2024-12-26 09:40:57
2024-12-26 09:37:56
2024-12-26 09:34:25
2024-12-26 09:26:59
2024-12-26 08:58:34
2024-12-26 08:57:00
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16