"Azərsu" ASC tərəfindən müştəri xidmətlərinin asanlaşdırılması, bu sahədə şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər müsbət nəticələr verməkdədir.
"Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən unikal.org-a verilən məlumata görə, "Elektron hökumət" portalı haqqında Əsasnamə"nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə" Azərbaycan prezidentinin 5 fevral 2013-cü il tarixli 813 nömrəli fərmanından irəli gələn məsələlərin həlli məqsədilə "Azərsu" ASC tərəfindən zəruri işlər aparılaraq elektron xidmətlər sistemi yaradılıb.
Son illər həyata keçirilən sistem xarakterli islahatların ASC-nin fəaliyyət sahələrinin avtomatlaşdırılmış infrastruktur əsasında formalaşmasına, eləcə də əhalinin bu xidmətlərdən elektron qaydada, real vaxt rejimində, çevik və şəffaf şəkildə istifadəsinə şərait yaradır. Hazırda "Azərsu" tərəfindən 11 növdə elektron xidmət təqdim olunur.
Bu ilin yanvar-sentyabr aylarında vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı 215 360 dəfə elektron qaydada müraciət edilib. Təkcə sentyabr ayında "Azərsu" ASC-nin elektron xidmətlərinə 28 mindən çox müraciət qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,9 dəfə çoxdur.
Qeyd edək ki, www.azersu.az saytında yerləşdirilmiş onlayn sorğuda iştirak edənlərin 55,6%-i "Azərsu" ASC-nin təqdim etdiyi elektron xidmətlərdən istifadə etdiklərini bildiriblər. Elektron xidmətlərdən istifadə www.e-gov.az portalı və www.azersu.az saytı üzərindən həyata keçirilir.