"Azərbaycan talışları, ləzgiləri, bütün milli azlıqları istismar edir. Mən bütün talışlara müraciət edərək deyirəm: bizim qardaşlarımız türklər yox, ermənilərdir. Ermənistan bizim pənahımızdır".
Bunu özünü "Talışıstan TV telekanalının xəbərlər xidmətinin rəhbəri" kimi təqdim edən Azərbaycan vətəndaşı Zabil Məhərrəmov deyir.
Zabil Məhərrəmov son vaxtlaradək Rusiyanın Sankt-Peterburq şəhərində yaşayırdı. İndisə o, İrəvandadır.
Ermənilərin yaratdıqları "Talışıstan TV" və "Talışıstan Radiosu"nda "xəbərlər xidmətinin rəhbəri" kimi çalışır, özü kimi 7 nəfərə başçılıq edir.
Əslən Masallı rayonunun Mahmudabad kəndindən olan Z.Məhərrəmov həm də şair olduğunu vurğulayır və sosial şəbəkələrdə şeirlərini "Zabil Mədoj" təxəllüsü ilə paylaşır.
Son günlərdə isə o, əyninə Ermənistan ordusunun hərbi formasını geyinərək kamera qarşısına keçir, ermənilərin şəninə təriflər söyləyir, Azərbaycan dövlətinə və millətinə təhqirlər yağdırır.
Dağlıq Qarabağ münaqişəsi zonasında aprelin 1-də "dördgünlük müharibə" başlayanda isə Zabil Mədoj az qala sutkada 18 saat kamera qarşısında oldu, hərbi əməliyyatlarda ermənilərin itkilərini gizlətməyə çalışdı və ermənilərin az qala "Bakıya çatacaqlarını" vurğulayırdı.
Ermənistan ordusunun ağır itkilər verdiyini, mövqelərini itirdiyini və geri çəkildiyini İrəvanın özü etiraf edəndən sonra isə Z.Mədoj-Məhərrəmov çıxışlarının ritorikasını dərhal dəyişib, "azğın azərbaycanlılar" barədə sürəkli "reportaj"lar hazırlayaraq yaymağa başlayıb.
"Talışıstan TV" Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən iki il əvvəl, 2014-cü ilin sonlarında yaradılıb. Bu "qurum"un ideya təşəbbüskarı Azərbaycanda "Talış-Muğan Respublikası" qurmaq istəyən, sonra separatçılığa görə həbs olunan, indisə Hollandiyada yaşayaraq Azərabaycana nifrətini gizlətməyən, Ermənistanın xüsusi xidmət orqanları ilə çox sıx təmaslarda olan Əlikram Hümbətovdur.
"Talışıstan TV" yaranandan iki ay sonra bu "struktur"un "ideoloji təminat"ı Moskvada yaşayan və separatçılığı ilə tanınan Fəxrəddin Abbaszadəyə həvalə olunmuşdu.
"Fəxrodin Aboszoda"ya çevrilən və Azərbaycanı məhv etməyi arzuladığını dəfələrlə vurğulayan F.Abbaszadə ermənilərin ümidlərini doğrultmayıb, "Talışıstan TV"nin fəaliyyətini təmin edə bilməmişdi.
Belədə qurum İrəvandakı "Voskanapat" fondunun rəhbəri, Ermənistan MTX-nin sabiq rəhbəri Levon Məlik-Şahnazaryanın idarəsinə verilmişdi.
Zabil Məhəmmərovu da "aparıcı" vəzifəsinə məhz L.Məlik-Şahnazaryan seçib. "Talışıstan TV"-nin fəaliyyətinin ilkin dönəmlərində Sankt-Peterburqla İrəvan arasında məkiyə çevrilmiş Z.Məhərrəmov hazırda, əsasən, İrəvanda yaşayır.
Dediyinə görə, Sankt-Peterburqda "onun həyatı üçün real təhlükə var". Yəni o, ermənilərin nəzərinə çatdırmaq istəyir ki, elə ermənilərə xidmət etdiyi üçün talışların nifrətini qazanıb.
"Talışıstan TV"də çalışmağa başlayandan sonra isə Z.Məhərrəmovun maddi durumu dəyişib. Ona mənzil ayrılıb, "güzəştli kredit"lə avtomobil bağışlanıb.
Bu hədiyyələrdən vəcdə gəlmiş Z.Məhərrəmov da Azərbaycanda guya "talış problemi"nin varlığı barədə sürəkli danışmağa başlayıb.
Onun, əsasən, YouTube-da yayımlanan proqramının qonaqları arasında Ə.Hümbətov və F.Abbaszadə xüsusi yer tuturlar.
Azərbaycanın tanınmış ziyalıları, siyasətçiləri, ictimai və mədəniyyət xadimlərini, qəhrəmanlarını ayıran, onları "talış xalqının oğulları, Azərbaycana qətiyyət aidiyyəti olmayan adamlar" kimi təqdim edən Z.Məhərrəmov hətta İmadəddin Nəsimi, Mirzə Ələkbər Sabirin də talış olduğunu vurğulayır, "Həzi Aslanovun qəhrəmanlığının Azərbaycanda layiqli dəyərləndirilmədiyini" söyləyir.
Daha sonra o, Azərbaycan ordusunda xidmət edən talışları silahı yerə qoymağa çağırır, "ən qətiyyətli və məntiqli"ləri isə Ermənistan ordusuna dəvət edir.
Z.Məhərrəmovun hər "veriliş"i YouTube-da yayılandan sonra onu ən sərt tənqid edənlər, xəyanətini pisləyənlər elə talışlardır və yaxşı ki, elə talışların özüdür.
Çünki Azərbaycandakı bütün xalqlar kimi, bu yurd, bu məkan talışların da Vətənidir və bu vətəndə yaşayır, vətən üçün çalışır, vətən üçün döyüşürlər.
Zabil Məhərrəmovun dediyinə görə, son dəfə 2014-cü ildə Bakıda olub. Olarkən fotolar da çəkdirib, sosial şəbəkələrdəki profillərində paylaşıb.
Di gəl, Vətənin nə olduğunu unudan, düşmənin qoltuğunu yurd torpağından üstün tutan bu məxluq - məhz məxluq, çünki insan üçün ləyaqət, namus, ar və şərəf anlamları, sadəcə, səs yığınından ibarət deyil - Qarabağ döyüşlərində vətən torpağını qanları ilə suvarmış talışlara xəyanətin rəşadət olduğunu anlatmağa çalışır.
Necə ki, quldur cəsarətdən, oğru qanundan, əxlaqsız insan isə irzdən və izzətdən danışmağı çox sevdiyi təki.
Zabil Məhərrəmovun şərəf anlamı o qədər tənəzzül edib ki, o, Dağlıq Qarabağı və Azərbaycanın 7 rayonunu işğal altında saxlayan - hələlik belədir - düşmənin hərbi formasını da böyük qürurla geyinir, Ermənistan hərbçilərinin olmayan "uğur"larına sevindiyini deyir, Azərbaycanın şəhidlərindən bəhs edəndə nifrətini gizlətmir, batinindəki şəri asanlıqla ortaya qoyur.
Zavallı, bihudə insan hələ də anlamır ki, Ermənistan üçün o, sadəcə, bir marionetka, ucuz fiqurdur ki, istifadə, daha doğrusu, istismar müddəti bitəndə bir kənara atılacaq.
Ən yaxşı halda belə olacaq, çünki Zabil Məhərrəmov özü də etiraf edir ki, bundan sonra Ermənistanı tərk etmək "onun üçün çox riskli olardı".
Canlı ölü hansı riskdən bəhs edir - bir mübhəmdir, çünki fizioloji baxımdan yaşasa da, mənəvi baxımdan çoxdan ölmüş bu məxluqun kimə nə faydası ola bilər - bilinməz.
Vətən öz övladına minnətdarlıq etməz. Yurdun vətəndaşına verdiyi ən böyük qiymət həmin fərdin torpağında yaşamasıdır. Bir şərtlə ki, fərd də torpağının qədrini bilə, canından dəyərli bilə, çünki o torpaq həmin fərddən əvvəl yüzlərlə nəslə əbədi beşik olub, bundan sonra da o fərdin nəslinə məkan və yaşam yeri olacaq.
Vətən budur - səndən əvvəlkiləri unutmayıb səndən sonrakıların yaşamına təminat olmaq üçün onu özündən də üstün tutmalısan, azad səmanın varlığının mühafizi olmalısan.
Şərəfsizliyin dibində olanlar aşağıdan yuxarı baxanda isə sadəcə, səmanın bir hissəsini görərlər.
Onlara görmək üçün icazə verilmiş hissəni.
Elçin Alıoğlu
Milli.Az