ABŞ Helsinki Komissiyası bu gün Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyü, bu məsələdə ABŞ və ATƏT-in rolu mövzusunda dinləmələr keçirəcək.
Helsinki Komissiyası ATƏT ölkələrində Helsinki Yekun Aktına və başqa öhdəliklərə əməl olunmasının monitorinqi və təbliği məqsədilə yaradıldığını bəyan edir. Lakin 1975-ci il avqustun 1-də Helsinkidə Ümumavropa müşavirəsinin iştirakçıları tərəfindən imzalanmış Yekun Aktının 10 əsas prinsipinin 8-i (suveren bərabərlik, zor işlətməmək; sərhədlərin toxunulmazlığı; dövlətlərin ərazi bütövlüyü; mübahisənin dinc yolla həll olunması; bir-birinin daxili işlərinə qarışmamaq; insan hüquqlarına və əsas azadlıqlara hörmət; dövlətlər arasında əməkdaşlıq; beynəlxalq müqavilə öhdəliklərinin vicdanla yerinə yetirilməsi) Ermənistan tərəfindən kobud şəkildə pozulsa da, komitə bir dəfə də olsun işğalçı ölkəni qınayan bəyanat qəbul etməyib.
Qeyd etmək yerinə düşər ki, ABŞ-ın Helsinki Komissiyasının sədri, konqresmen Kristofer Smit ABŞ-dakı erməni lobbisinin ən fəal nümayəndələrindən biridir. O, eyni zamanda, 2015-ci ildə Azərbaycanda yüksək vəzifəli məmurlara sanksiyaların tətbiq olunması ilə bağlı "Azərbaycan Demokratiya aktı adlı layihəni Konqresə təqdim edərək qəbul olunmasını istəmişdi. ABŞ Helsinki Komissiyasının və onun rəhbərinin indiyə qədərki fəaliyyətini nəzərə alan Azərbaycan tərəfi növbəti dinləmələrdən də heç bir pozitiv nəticə gözləmir.
Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri, politoloq Rufiz Qonaqov da qeyd edir ki, Helsinki Komissiyasının Dağlıq Qarabağla bağlı dinləmələri ilk növbədə məhz Ermənistana yeni yardım imkanlarının yaradılması məqsədini güdür:
"Komissiyanın məlumatında bildirilir ki, 2016-cı ildə münaqişə zonasında baş verən hərbi əməliyyatlar zamanı itkilərin statistikası verilir və iddia edilir ki, münaqişəyə Rusiya, Türkiyə və İran da cəlb edilə bilər. Ümumiyyətlə, Minsk Qrupunun keçmiş həmsədrləri Keri Kavano, Ceyms Uorlik, Beynəlxalq Böhran Qrupunun proqram direktoru Maqdalena Qrononun çıxışları gözlənilir.
Qeyd etməliyik ki, ABŞ-ın Helsinki Komissiyasının sədri, konqresmen Kristofer Smit vaxtilə Demokratlar Partiyasının üzvü, sonra Respublikaçılar Partiyasının üzvü olub. İndi də erməni lobbilərinin ən fəal nümayəndələrindən biridir. Smit, Azərbaycana qarşı 907-ci düzəlişin müəlliflərindən də biridir. Ermənistanın işğalçılıq siyasətinə bəraət qazandıran, Dağlıq Qarabağın müstəqilləşməsi ideyasını təbliğ edən və bu istiqamətdə əsaslı tədbirlər görən şəxslərdəndir. Sözügedən 907-ci düzəliş 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək Aktına qəbul edilib və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayıb. K. Smit Amerika Birləşmiş Ştatlarının "erməni soyqırımını tanımasının ən aktiv tərəfdarlarından biridir.
Politoloq deyir ki, görünür, Kristofer Smit və təmsil etdiyi erməni lobbisi dinləmələr keçirməklə Ermənistanı müdafiə ehtiyacı olan tərəf kimi tanıtmaq və ABŞ qanunvericilərini işğalçı rejimə maliyyə və hərbi xarakterli yardımı artırmağa çağırmaq məqsədi güdür: "Tarixi faktları ona görə qeyd etdim ki, ABŞ erməni milli komitəsinin (ANKA) rəhbərlərindən biri olan Aram Hamparyan Tvitter səhifəsində Konqresmen K. Smitlə görüşünü əks etdirən bir yazı verib. Alt yazısında isə Hamparyan qeyd edirdi ki, erməni işini dəstəkləmək üçün Smitlə görüşüb. Yəni, bütün bu faktlar onu göstərir ki, bunların məqsədi növbəti dəfə ABŞ tərəfindən qondarma rejimə və eyni zamanda işğalçı ölkə Ermənistana dəstək verməkdir. Bu səbəbdən də, biz bu dinləmələri yalnız və yalnız birtərəfli qaydada, qeyri-obyektiv, eləcə də Azərbaycana təzyiq, Ermənistana dəstək kimi qiymətləndiririk.