Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransa Xarici İşlər Nazirliyinin dövlət katibi Arlem Dezir ilə görüşüb.
Xarici İşlər Nazirliyinin dövlət katibi Arlem Dezir Fransa Prezidenti Fransua Ollandın salamlarını və Azərbaycanla bağlı xoş xatirələrini dövlətimizin başçısı İlham Əliyevə çatdırdı.
Fransa Prezidentinə salamlarına görə minnətdarlığını bildirən Prezident İlham Əliyev onun da salamlarını Fransa dövlətinin başçısına çatdırmağı xahiş etdi.
Prezident Fransua Ollandın Azərbaycana iki dəfə səfər etdiyini xatırladan dövlətimizin başçısı dedi ki, bu, özlüyündə ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu göstərir. BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Forumunda iştirak etmək üçün Azərbaycana gəldiyinə görə Arlem Dezirə minnətdarlıq edən Prezident İlham Əliyev səfərin ikitərəfli və regional məsələləri müzakirə etmək baxımından yaxşı fürsət olduğunu bildirdi.
Səmimi qəbula görə minnətdarlıq edən Fransa Xarici İşlər Nazirliyinin dövlət katibi Forumun yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və son proseslər ətrafında geniş fikir mübadiləsi aparıldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsiya Marqallo ilə görüşüb.
Nazir Xose Manuel Qarsiya Marqallo Azərbaycana əvvəlki səfərlərini xatırlatdı.
Prezident İlham Əliyev Türkiyə və İspaniyanın birgə təşəbbüsü ilə yaradılan BMT-nin Sivilizasiyalar Alyansının uğurlu fəaliyyətini qeyd etdi və İspaniyanın Alyansa verdiyi dəstəyi yüksək qiymətləndirdi. İspaniyanın xarici işlər nazirinin Bakıda keçirilən bu tədbirdə iştirakını bu dəstəyin nümunəsi kimi dəyərləndirdi.
Görüşdə mürəkkəb beynəlxalq vəziyyət və münasibətlərdə qarşıda duran vəzifələri müzakirə etmək baxımından Forumun əhəmiyyəti qeyd edildi. Bu mühüm tədbirin beynəlxalq aləmə güclü müsbət mesaj verəcəyinə əminlik ifadə olundu.
Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlıq əlaqələri və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ətrafında fikir mübadiləsi aparıldı.