Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 7-də "Azərxalça Açıq Səhmdar Cəmiyyətinin Quba filialının açılışında iştirak ediblər.
Unikal.org xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva filialın rəmzi açılışını bildirən lenti kəsdilər.
"Azərxalça Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya burada görülən işlərlə bağlı ətraflı məlumat verdi. Bildirildi ki, "Azərxalça ASC-nin Quba filialının binasının ümumi sahəsi 1300 kvadratmetrdir. Burada 150 toxucu və 12 inzibati-təsərrüfat işçisi çalışacaq. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və digər bölmələrdən ibarətdir. Emalatxanadakı müxtəlif ölçülü 43 dəzgahda əsasən Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarının kəndlərində hazırlanmış tarixi və orijinal Şirvan çeşniləri əsasında xalçaların toxunmasına üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikanın ayrı-ayrı bölgələrindən toplanılan qədim xalçalar əsasında "Azərxalçanın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib.
Dövlətimizin başçısına məlumat verildi ki, buradakı toxucular Quba şəhərinin və rayonun ayrı-ayrı kəndlərinin sakinləridir. Onlar bir neçə ay ərzində "Azərxalçanın hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursu filial fəaliyyətə başladıqdan sonra da öz işini davam etdirəcək və bu kursun məzunları "Azərxalça ASC-nin tədris sertifikatını alacaqlar. Filialın xalça-satış salonunda isə "Azərxalça ASC-də toxunan xalça və xalça məmulatlarının sərgisi və satışı həyata keçiriləcək.
Sonra dövlətimizin başçısı filialın xalçaçıları ilə görüşdü.
Sonda xatirə şəkli çəkdirildi.
***
Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 7-də Quba Bayraq Muzeyinin açılışında iştirak ediblər.
Unikal.org xəbər verir ki, İlham Əliyev muzeyin rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, muzeyin inşasına 2017-ci ilin martında başlanılıb və tikinti işləri noyabr ayında başa çatdırılıb. Muzey binası sərgi zalından, inzibati və yardımçı otaqlardan ibarətdir. Sərgi zalında ümumilikdə 6 bölmə yaradılıb. Burada Azərbaycanın xanlıqlar dövrünün xəritəsi, xanlıqların bayraqları, orta əsrlərə aid döyüşçüləri əks etdirən manikenlər, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar nümayiş olunur. Muzeydə nümayiş olunan Azərbaycan Xalq Cümhuriyyətinə aid sənədlər, Azərbaycanın SSR və müstəqillik dövrlərində qəbul olunmuş konstitusiyaları, gerblər, bayraqlar, poçt markaları, orden və medallar da böyük maraqla qarşılanır.
Muzey Quba Bayraq Meydanında yerləşir.