Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunda yük qatarlarının hərəkətinin təşkili və idarəetmə rejimi yoxlanılır.

Bu barədə unikal.org-a"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

BTQ dəmir yolunun Marabda-Kartsaxi, Marabda-Axalkalaki sahəsində yük qatarlarının hərəkətinin təşkili, qatarların hazırlığı və idarəetmə rejimini müəyyən edilməsi üçün, "Azərbaycan Dəmir Yolları" QSC-nin Hərəkətin təhlukəsizliyi üzrə müfəttişlik aparatının rəisi Kazım Şərifovun rəhbərliyi və "Ukrayna investisiya-konsaltinq" şirkətinin və Dnepropetrovsk Dəmir Yolu Mühəndisləri İnstitutunun alim mütəxəssislərinin iştirakı ilə sınaqlar keçirilib.

Bu sınaqlar zamanı müxtəlif çəkili qatarlar 6 dəfə ( hər dəfə çəkisi artırılmaqla) Marabdadan Axalkalakiyə göndərilib. Bu proseslərdə qatarın hərəkətinin 32 parametri (dinamik xüsusiyyəti, sürəti, əyləc kolotkalarının qızması və s.) yoxlanılıb. Sınaqlar zamanı Tbilisi lokomotiv deposunun 14 nəfərdən ibarət lokomotiv briqdaları (maşinist-təlimatçılar, maşinistlər) fəal iştirak ediblər.

Sınaqlardan sonra keçirilən müşavirədə nəticələr müzakirə olunub və Tbilisi lokomotiv deposunun 14 nəfərdən ibarət lokomotiv briqdaları "Azərbaycan Dəmir Yolları" QSC rəhbərliyi adından müxtəlif hədiyyələrlə mükafatlandırılıblar. Yük daşımaları Departamentinin yük və vaqon şöbələrinin rəhbərlərinin iştirak etdiyi tədbirdə mükafatları Hərəkətin təhlukəsizliyi üzrə müfəttişlik aparatının rəisi Kazım Şərifov təqdim edib.

Qeyd edək ki, bu sınaqlar gələcəkdə qatarların təhlükəsiz hərəkətinin və yük həcminin etibarlı təşkilinə hesablanıb.