"İŞİD terror qruplaşmasının ekspansiyası beynəlxalq sabitliyin əsas çağırışıdır".
Unikal.org publika.az-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov Asiyada qarşılıqlı münasibətlər və etibarın ölçüləri üzrə Müşavirənin plenar iclasında deyib.
 
"Artıq İraq, Liviya və Suriyanın geniş ərazilərində görünməmiş miqyasda terror təhlükəsi doğub. İŞİD-in yaratdığı təhlükə neytrallaşdırılmadan dünyada heç kəs özünü təhlükəsiz hiss edə bilməz", - Lavrov bildirib.
 
Rusiyanın baş diplomatı xəbərdarlıq edib ki, Yaxın Şərqdə vəziyyət daha çətindir və regionun siyasi xəritəsinin dağıdılması prosesi gedir. Onun fikrincə, yaranmış vəziyyətin günahkarı "demokratiyanın ixracı" və arzu olunmayan rejimlərin zorakı yolla dəyişdirilməsi üçün göstərilən səylərdir. Lavrov bu siyasətin müsəlman dünyasında parçalanmanı təhrik etdiyini dilə gətirib.
 
Lavrov vurğulayıb ki, Rusiya terrorizmlə mübarizəyə sadiqdir. Amma o bildirib ki, bu problemi təklikdə həll etmək mümkün deyil. Nazir Rusiya prezidenti Vladimir Putinin geniş beynəlxalq koalisiyasının yaradılması ilə bağlı təşəbbüsünü xatırladıb.
 
Bundan başqa, Rusiya xarici siyasət idarəsinin başçısı qeyd edib ki, Moskva İŞİD-in maliyyələşdirilməsinin dayandırılması üzrə BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozan dövlətlərə təzyiqi dəstəkləyir.
 
"Şəxsi siyasi hədəflər üçün ekstremist qruplaşmalarla manipulyasiya etməyə çalışsaq, terrorçuları "mülayim" və "radikallar"a, "pis" və "yaxşılar"a ayırsaq, terrorçulara qarşı effektiv mübarizə aparmaq mümkün olmayacaq", - Lavrov vurğulayıb.