"Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə bölgəsindədir və nazirliyin əməkdaşları cəbhənin Ağdam istiqamətinə dəymiş ziyanla bağlı evlərə baxış keçiriblər".
Azərbaycan Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.
V.Dərgahlının sözlərinə görə, son üç sutka ərzində erməni tərəfi atəşkəs rejimini ağır artilleriya qurğuları ilə pozaraq, yaşayış məntəqələrini və mülkü şəxsləri atəşə tutur: "Bu, Ermənistanın siyasi rəhbərliyinin Azərbaycana qarşı apardığı təxribat xarakterli siyasətini açıq-aydın göstərir. Ermənilər qadağan olunmuş silahlardan da istifadə edirlər ki, həmin mərmilərin beynəlxalq konvensiyalar tərəfindən istifadə olunmaması göstərilib. Ermənilər isə öz barbarlığını göstərərək, bu silahlar vasitəsilə yaşayış məntəqələrini atəşə tuturlar. Atəşkəsin pozulması əsasən gecə saatlarında olur. İriçaplı silahlardan, minaatanlardan, D-20 və D-30 haubitsalarından istifadə olunmaqla yaşayış məntəqələri atəşə tutulur".

MN rəsmisi əlavə edib ki, ermənilər ilk dəfə BM-21 yaylım atəşli reaktiv sistemlərindən atəş açmağa da başlayıblar: "Ermənilər bu silahlardan istifadə etməklə bütün beynəlxalq hüquq normalarını pozur. Bunun məsuliyyətini Ermənistanın hərbi və siyasi rəhbərliyi daşıyır".

Report.az