Bakı şəhəri, Səbail rayonu ərazisindəki "Bulaq" restoranında baş vermiş silahlı insidentlə əlaqədar axtarışa verilmiş şəxs tutulub.
Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Belə ki, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Cinayət Axtarışı İdarəsi, Nərimanov Rayon Polis İdarəsi, Qazax Rayon Polis Şöbəsi (RPŞ) və Ağstafa RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 21-də Səbail rayonu ərazisindəki "Bulaq" restoranında baş vermiş münaqişə zamanı "Makarov" markalı tapançadan atəş açaraq F.Əkbərova və S.Abdullayevə xəsarət yetirmiş paytaxt sakini, əvvəllər məhkum olunmuş Samir Allahyarov Qazax rayonu ərazisində tutulub. Onun hadisəni törədərkən istifadə etdiyi silahı gizlətmək üçün həmyerlisi Cavidan Şeydayevə verməsi müəyyən edilib.
Əməliyyat tədbirlərinin davamı olaraq C.Şeydayev tutulub, onun kirayədə yaşadığı mənzilə baxış zamanı "Makarov" markalı tapança, 1 ədəd patron darağı və 2,510 qram heroin aşkar edilərək götürülüb.