Prezident İlham Əliyev Azərbaycanın bütün xristian icmasını təbrik edib.
Unikal.org xəbər verir ki, təbrikdə deyilir:
"Müqəddəs Pasxa bayramı münasibətilə sizi və Azərbaycanın bütün xristian icmasını səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıram.
Gözəl bahar günlərində qeyd olunan Pasxa bayramı insanlarda yüksək əhval-ruhiyyə və nikbinlik yaradan, şəfqət və mərhəmət hisslərini artıran, cəmiyyətdə xeyirxahlıq və həmrəylik prinsiplərinin bərqərar olmasına xidmət edən əlamətdar günlərdəndir. Bu bayram müxtəlif dini konfessiyaların əsrlər boyu qarşılıqlı etimad və əmin-amanlıq şəraitində dinc yanaşı yaşadığı Azərbaycanda geniş surətdə qeyd edilir. Xristian həmvətənlərimiz ölkəmizdə təşəkkül tapmış etnik-dini tolerantlıq mühitində dini mərasim və ayinlərini sərbəst şəkildə həyata keçirirlər.
Azərbaycanda yaşayan xristian icmasının nümayəndələri ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni-mənəvi həyatında fəal iştirak edərək, onun hərtərəfli inkişafı işinə öz layiqli töhfələrini verir. Azərbaycan Respublikasında formalaşmış nümunəvi dövlət-din münasibətləri cəmiyyətin bütün təbəqələri kimi, xristian icmasına da öz dini-mənəvi dəyərlərindən lazımınca faydalanmaq imkanı yaradır.
Pasxa bayramı əmin-amanlığın, birlik və bərabərlik duyğularının rəmzidir. Qoy bu nurlu bayram hər birinizə xoş ovqat, ailələrinizə firavanlıq və sevinc gətirsin.
Bayramınız mübarək olsun!"